Accessibility links

Amnesty International: Azərbaycan qanunsuz həbs edilən şəxsləri dərhal azad etməlidir


Azərbaycan hakimiyyəti insanların sadəcə hüquqlarından istifadə etdiklərinə görə qanunsuz həbslərini dərhal dayandırmalıdır. Onlar bütün siyasi və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən hüquq müdafiəçiləri, jurnalistlər və yalnız ifadə azadlığı hüququndan istifadə etdikləri üçün həbs edilmiş istənilən şəxsləri dərhal və qeyd-şərtsiz azad etməlidir. Hökumət siyasi müxaliflərin və digər müxalif səslərin susdurulması da daxil olmaqla, ölkənin ədalət mühakiməsi sistemindən sui-istifadə etməsini dayandırmalıdır.

Niyaməddin Əhmədov və Əli Kərimli aksiya zamanı
Niyaməddin Əhmədov və Əli Kərimli aksiya zamanı

Bu barədə Amnesty International-ın Azərbaycanda vəziyyətə həsr olunmuş yeni bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, son dövrlərdə Azərbaycanın penitensiar müəssisələrində Covid-19 yoluxması hadisəsi nəzərə alınmaqla saxlanılan şəxslər də virusa yoluxma riskinə məruz qalıblar.

“Covid-19 pandemiyasının həbsxanalarda yayılması ilə bağlı narahatlıqların artması şəraitində, Azərbaycan hakimiyyəti nəinki ədalətsiz mühakimə olunan tənqidçiləri dəmir barmaqlıqlar arxasında saxlamaqda davam edir, pandemiya ilə mübarizə adı altında siyasi rəqiblərini uydurma və siyasi motivli ittihamlarla həbs etmə kampaniyasını artırır. Bu, ölkədə ifadə azadlığına və digər fundamental insan haqlarına qarşı edilən ən son hücumdur,” Amnesty İnternational qeyd edir.

Təşkilatın hesabatında deyilir ki, mayın 15-də Azərbaycan hakimiyyəti rəsmi olaraq cəzaçəkmə müəssisələrində Covid-19-a 46 yoluxma halını təsdiqləyib.

Cəzaçəkmə müəssisələrində həddən artıq çoxluq və qeyri-sanitariya şəraiti Azərbaycanda həbsxanada olanlar üçün ciddi təhlükə yaradır. Bu koronavirus pandemiyası ilə daha da ağırlaşacaq.

“Hökümətin ölkədəki pandemiyanın dərəcəsini azaltmağa çalışdığına inanan yerli hüquq müdafiəçilərinə görə, yoluxanların sayının əhəmiyyətli dərəcədə çox olacağı ehtimal olunur. Cəzaçəkmə müəssisələrində həddən artıq çoxluq və qeyri-sanitariya şəraiti Azərbaycanda həbsxanada olanlar üçün ciddi təhlükə yaradır. Bu, koronavirus pandemiyası ilə daha da ağırlaşacaq.

Beynəlxalq insan haqları ilə bağlı götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan ayrıseçkilik olmadan bütün məhbusların sağlamlıq hüquqlarını təmin etmək üçün zəruri tədbirlər görməyə məcburdur,” sənəddə bildirilir.

Amnesty İnternational Azərbaycan hakimiyyətini həbsxanalarda ağır sağlamlıq riskini azaltmaq üçün görülən tədbirlərdə ayrıseçkilik olmamaq prinsipinə hörmət etməyə və siyasi motivli ittihamlarla həbs olunanların Covid-19 ilə əlaqədar azadlığa çıxmalarından faydalanmalarını təmin etməyə çağırır.

Azərbaycan məhkəmələri insanların həbsxanalarda yoluxma riskinə məruz qalmaması üçün azadlıqdan məhrumetmədən başqa vasitələrin də tam istifadə edilməsini nəzərdən keçirməlidir.

“Azərbaycan məhbusların sayının azaldılması üçün bütün mümkün tədbirləri görməlidir. Digər bəzi məhbus qruplarının, vaxtından əvvəl və ya şərti azadlığa buraxılmalarını və ya başqa alternativ həbs tədbirləri verilmə imkanlarını düşünməlidir. Azərbaycan məhkəmələri insanların həbsxanalarda yoluxma riskinə məruz qalmaması üçün azadlıqdan məhrumetmədən başqa vasitələrin də tam istifadə edilməsini nəzərdən keçirməlidir. Bunun əvəzinə, Azərbaycan bu praktikanı dərhal dayandırmaq çağırışlarına baxmayaraq, siyasi və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən hüquq müdafiəçiləri, jurnalistlər və digərlərini siyasi motivli ittihamlarla həbs etməkdə davam edir.”

Amnesty İnternational hesab edir ki, Azərbaycanda həbsxanalarda olan şəxslər, o cümlədən yuxarıda adı qeyd edilən siyahıda olan siyasi motivlərlə həbs olunan şəxslər Azərbaycan həbsxanalarında olan normadan artıq say artıqlığına görə Covid-19 pandemiyasının yayılması şəraitində yüksək risk altındadırlar.

“Azərbaycanda qanunsuz azadlıqdan məhrum olan hər kəs dərhal azad edilməlidir. Covid-19 ilə əlaqədar azadetmə tədbirləri nəzərdən keçirildikdə, o cümlədən şəxsin siyasi baxışları və mənsubiyyətləri əsasında heç bir məhbusa qarşı ayrıseçkilik olmamalıdır.”

Rəsmi məlumat

Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.

Bu barədə Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Penitensiar Xidmət
Penitensiar Xidmət

Nazirlik bildirir ki, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.

“Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir," məlumatda bildirilib.

Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini və müxalif fəalların izlənərək həbs edilməsini dezinformasiya sayır.

Ekspertlərin rəyi

Müstəqil müşahidəçilər cəzaçəkmə müəssisələrində daha çox məhkumun infeksiyaya yoluxduğunu güman edir.

Siyasi məhbus kimi tanınan şəxslər siyasi motivlərlə həbsdə olan məhbusların, o cümlədən cəzasının çox hissəsini çəkmiş məhbusları koronavirus infeksiyasından qoqumaq üçün azadlığa buraxılmalarını vacib sayır.

Həbsxana
Həbsxana

Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Rəsul Cəfərov hesab edir ki, koronavirusa yoluxma riskini azaltmaq məqsədi ilə cəzaçəkmə müəssisələrində məhbus sıxlığını azaltmaq üçün ciddi və planlı addımlar atılmayıb.

Keçmiş siyasi məhbus Anar Məmmədli bildirir ki, nə 13 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsi, nə də Pentisiar Xidmətin Mərkəzi Hospitalı bu şəxslərin müalicəsi üçün yetərli şəraitə malik deyil.

“Yaxşı olar ki, az ağır cinayət törədən və cəzasının yarısını çəkmiş şəxslərin azadlığa çıxması ilə bağlı təcili tədbirlər görülsün. Yayılan xəbər siyasi motivlərlə azadlıqdan məhrum edilən və ya inzibati qaydada həbs edilən şəxslərin yaxınları üçün ciddi narahatlıq yaradacaq. Hakimiyyət azadlıqdan məhrum etdiyi günahsız siyasi fəallar üçün saxlama şəraiti təmin edə bilmirsə, koronavirus epidemiyası dövründə onların sağlamlığına görə ikiqat məsuliyyət daşıyır,” o bir müddət əvvəl facebook səhifəsində qeyd edib.

XS
SM
MD
LG