Accessibility links

Əli Kərimlinin mühafizəçisinin apellyasiya şikayəti təmin edilmədi


Niyaməddin Əhmədov və Əli Kərimli 19 oktyabrf aksiyası zamanı
Niyaməddin Əhmədov və Əli Kərimli 19 oktyabrf aksiyası zamanı

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun apellyasiya şikayətini təmin edilməyib.

Bu barədə məhkəmə martın 2-də qərar qəbul edib. İkinci instansiya məhkəməsi Niyaməddin Əhmədov haqqında 13 illik həbs hökmü qüvvədə saxlayıb.

Bugünkü məhkəmə prosesinə AXCP fəalının atası Arif Əhmədov və AXCP sədri Əli Kərimli də iştirak edib.

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən Niyaməddin Əhmədovun atası Arif Əhmədov bildirib ki, qərarı əsassız və qanunsuz hesab edir.

Arif Əhmədov (Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası)
Arif Əhmədov (Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası)

“ Əsl terrorçuları buraxırlar, ölkənin qeyrətini çəkənləri cəzalandırırlar. Rüşvətxorlar adalarda, kefdə-damaqdadır, kasıb, kirayədə yaşayan, günəmuzd işləyən adama deyirlər ki, "sən terrorçusan". İnsanda ləyaqət, vicdan yaxşı şeydir...".

Onun sözlərinə görə oğlu həbs olunarkən və həbsdə olduğu müddətdə işgəncələrə məruz qalması nəticəsində onun səhhətində ciddi problemlər yaranıb.

Atasının dediyinə görə, işgəncələrlə əlaqədar prokurorluğa şikayət olunsa da, şikayətləri obyektiv araşdırılmayıb, faktlara düzgün hüquqi qiymət verilməyib.

Daha sonra məhkəmənin qarşısında jurnalistlərə açıqlamasında AXCP sədri Əli Kərimli apellyasiya məhkəməsinin qərarını siyasi sifariş adlandırıb.

“Bununla da Azərbaycan hakimiyyəti göstərdi ki, bütün dünya dəyişsə də onun dəyişmək fikri yoxdur”o, bildirib.

AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Öz növbəsində vəkillər apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildiriblər.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza başa çatdığı gün isə CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib.

Niyaməddin Əhmədov nədə günahlandırılır?

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib. Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib.

Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.

Hüquq-mühafizə orqanları adətən həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirirlər.

AXCP bu ittihamları siyasi motivli adlandırır

AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Niyaməddin Əhmədovun işgəncəyə məruz qalması ilə bağlı dedikləri Azərbaycanın hüquq-mühafizə orqanları təkzib edib.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG