Accessibility links

Azərbaycan Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin təyin edilməsini konstitusiyaya uyğun hesab edib


Konstitusiya Məhkəməsi (arxiv-VOA)
Konstitusiya Məhkəməsi (arxiv-VOA)

Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini Konstitusiyaya uyğun hesab edib.

Bu barədə iyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib.

Plenumun iclasında "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə" Qərarına baxılıb.

Milli Məclis iyunun 21-də bununla bağlı prezidentə müraciət etmişdi. Prezident də öz növbəsində Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə sorğu vermişdi.

Konstitusiya Məhkəməsi Plenumunun üzvləri qərarı Konstitusiyaya uyğun sayıblar.

Bu il iyunun 20-də Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edilməsini zəruri sayıb. Onlar bu təşəbbüsü zəruri edən amil kimi bu ilin noyabrında ölkədə keçiriləcək BMT iqlim konfransı (COP29) və başqa tədbirləri göstərib.

Vurğulanıb ki, Konstitusiyaya əsasən, konfransın gerçəkləşəcəyi vaxt - 2024-cü ilin noyabrında Milli Məclisə növbəti seçkilər keçirilməlidir.

Hüquq müdafiəçisi Bəşir Süleymanlı Amerikanın Səsinə Konstitusiya Məhkəməsinin qərarını şərh edərək deyib ki, həm Milli Məclisin prezident tərəfindən buraxılması, həm də yeni seçkilərin keçirilməsi səlahiyyəti ötən referendumla kostitusiyaya salınıb.

“Düzdür, o zaman da müstəqil ekspertlər bu maddənin hakimiyyətin iyerarxik olaraq bölünməsi və siyasi plüralizm prinsiplərinin pozulması kimi qiymətləndirmişdi. Bu gün Konstitusiya Məhkəməsi də bu maddəni əsas gətirərək sorğuya müsbət cavab verib. Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini YAP deputatları irəli sürdü və əsasən bunu COP29 vaxtı eyni tədbirlərin keçirilməməsi ilə əsaslandırdı. İlk baxışdan bu, normal görünə bilər. Ümumiyyətlə növbədənkənar seçkilərin keçirilməsi, parlamentlərin buraxılması, yeni seçki təyin edilməsi demokratik cəmiyyətlərdə və yaxud demokratiyaya keçid etmək istəyən siyasi sistemlərdə normal qarşılanır. Burada əsasən niyyət sorğulanmalıdır. Əsas niyyət siyasi plüralizmi təmin etmək, demokratik və ədalətli seçki yarışı keçirməkdir? Yoxsa sadəcə müxtəlif bəhanalərlə daha da qapalı sistemin qurulması, azadlıqların boğulmasıdırmı?” o sual edib.

Hüquq müdafiəçisi hesab edir ki, hazırda azadlıqların boğulması dövründə pozitiv dəyişiklər olacağı gözlənilmir.

AXCP sədr müavini Seymir Həzi isə bu qərarı belə şərh edib:

“Hökumət bütün dövlət orqanlarını bir qrup insanın maraqlarının qulluqçusuna çevirib. Buraya Konsstitusiya Məhkəməsi də daxildir, parlament də. Ona görə də təəccüblü və legitim heç nə yoxdur".

Müsavat partiyasının başqanı İsa Qəmbər isə deyir ki, Konstitusiya Məhkəməsinin bugünkü qərarını dəyərləndirəndə diqqəti cəlb edən məsələnin prosedur tərəfi ilə mahiyyət tərəfinin ziddiyətli olmasıdır.

“Prosdurlara əməl edilib. Qanunun, Konstitusiyanın hərfi baxımından problem yoxdur. Konstitusiyanın hərfinə əməl edilib. Amma mahiyyət etibarı ilə baş verənlər yenə də bütün prosedurlar hakimiyyətin nəzarəti altındadır. Bütün qərarlar əslinə qalsa hakimiyyətin tapşırığı əsasında qəbul edilir. Nəticədə azad və ədalətli seçkilər keçirilməsi üçün növbəti imkan əldən buraxılır. Nəticədə Konstitusiyanın əsas müddəalarından biri hakimiyyətin xalq tərəfindən formalaşdırılması müddəası, yenə də qeyri-mümkün hala gətirilir”, o deyib.

İsa Qəmbər hesab edir ki, belə şəraitdə formalaşan parlamentin əvvəlki parlamentlərdən ciddi əhəmiyyəti olmayacaq.

Azərbaycan Konstitusiyasına əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildə bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir. Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Xatırladaq ki, bundan öncəki parlament seçkiləri və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Seçkilərə gəlincə, ölkə rəsmiləri bir qayda olaraq azad, ədalətli və rəqabətli seçki mühitinin yaradıldığını bəyan edir.

Bununla yanaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyaları Azərbaycanda Avropa İttifaqı standartlarına uyğun seçkilərin keçirilmədiyini bəyan edib.

Forum

XS
SM
MD
LG