Accessibility links

Vəkil: Bəxtiyar Hacıyevin səhhətində ağırlaşma halları başlayıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 4 gündür aclığı davam etdirir.

Yanvarın 12-də onunla görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, Hacıyevin səhhətində ağırlaşma halları başlayıb.

Vəkil: Bəxtiyar Hacıyevin səhhətində ağırlaşma halları başlayıb
please wait

No media source currently available

0:00 0:01:55 0:00

"Dünənki məlumatlara görə, qan təzyiqi aşaığı düşüb, 86/60 olub, nəbz döyüntüləri 70-dən 60-a düşüb, bədən temperaturtu da 35.6 selsidən 35.4-ə düşüb. 1 kiloqram çəki itirib. Ümumi götürəndə bundan öncə 14 gün aclıq edib və indi səhhətində dəyişkiliklər əvvəlki aclığın davamı kimi özünü biruzə verir. Mənimlə söhbət zamanı artıq baş gicəllənmə halları var idi. Artıq narahatedici hallar başlayıb", o qeyd edib.

Vəkilin sözlərinə görə, Hacıyev hələ təcridxananın sanitar-tibb hissəsinə köçürülməyib, o, kamerada saxlanılır.

Mehdiyev hesab edir ki, ictimaiyyət Bəxtiyar Hacıyevin aclıq aksiyasına biganə qalmamalıdır.

"Çünki Hacıyevin aclığı hər an onun səhhətində ciddi fəsadlar yarada bilər. Bəxtiyar Hacıyev isə Tofiq Yaqublunun səhhətində yaranmış problemlərdən narahatlıq keçirir. Şəfa dilədi. Hesab edir ki, Tofiq Yaqublunun səhhətinin pisləşməsi onun hüquqlarının müdafiəsi sahəsində keçirilən aksiyada iştirakı ilə bağlıdır", o qeyd edib.

Vəkilin dediyinə görə, Bəxtiyar Hacıyevin telefon danışıqlarına və ailə üzvləri ilə görüşünə qoyulan qadağa məhkəmə tərəfindən aradan qaldırılıb.

"Bu barədə vəkillərin vəsatətini məhkəmə təmin edib. Bu gün məhkəmənin qərarı təcridxanaya daxil olub. Yəqin ki, təcridxanada məhkəmənin qərarı icra ediləcək", vəkil bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev hazırda aclığı davam etdirir.

"O, təcridxananın sanitar-tibb hissəsinə köçürülüb, həkim nəzarəti altındadır", İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

İctimai fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

O, məhkəmə qərarına etiraz olaraq 14 gün aclıq keçirib və yanvarın 5-də aclığı dayandırıb.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib. Aksiya zamanı siyasətçi Tofiq Yaqublu 30 sutka inzibati həbsə məhkum edilib və o, yanvarın 5-dən aclığa başlayıb. Hazırda Tofiq Yaqublu və Bəxtiyar Hacıyevə dəstək məqsədi ilə 15 siyasi fəal siyasi məhbuslara azadlıq tələbi ilə aclıq keçirir.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib və indi aclığı davam etdirir.

Mövzuya uyğun

XS
SM
MD
LG