Accessibility links

Tofiq Yaqublu, Bəxtiyar Hacıyev və bütün siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyası davam etdirilir


Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsxanada başaldığı aclıq aksiyası davam etdirilir. Hazırda 12 nəfər fəal aclıq edir. Yanvarın 9-da həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev də yenidən aclığa başladığını bildirib.

İnidiki anda 7 fəal Müsavat Partiyasının qərargahında, Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu və daha iki fəal Yaqubluların evində, Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində, Bəxtiyar Haclıyev isə 1 saylı Bakı İstintaq Təcridxanasında aclığı davam etdirir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) Amerikanın Səsinə bildiriblər ki, bu partiyanın iki qadın fəalı bu gün, yanvarın 10-da Tofiq Yaqublunun evində onun həyat yoldaşı Maya Yaqubluya dəstək məqsədi ilə aclıq aksiyasına qoşulacaq.

Müsavat Partiyasının qərargahında aclıq edən AXCP fəalı Babək Həsənov yanvarın 10-da Amerikanın Səsinə bildirib ki, aclıq edənlərin səhhətində hələ elə bir dəyişiklik yoxdur.

“Aksiya iştirakçılarının tələblərinə də hələ hökumətdən hər hansı reaksiya yoxdur. Hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar bizə baş çəkib tələbələrimizi dəstəklədiyini bildirirlər”, o qeyd edib.

Maya Yaqublu Amerikanın Səsinə deyib ki, səhhətində problemlər baş qaldırıb.

“Artıq böyrəklərimdə ağrılar var. Amma hələ həkimə müraciət etməmişəm. Tələblərimizə isə rəsmi reaksiya yoxdur. Bu gün Müsavat Partiyasının qərargahında aclıq edənlərə baş çəkəcəm”, o bildirib.

Yanvarın 9-da AXCP sədri Əli Kərimli Tofiq Yaqublunun ailəsinə baş çəkib. O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, aclıq edənlərn əsas tələbi Tofiq Yaqublunun, Bəxtiyar Hacıyevin və ümumilikdə bütün siyasi məhbsuların həbsdən azad edilməsidir.

“Tofiq bəy aclıq aksiyasına başalayana qədər ona ailəsi ilə görüş vermirdilər, azuqə götümürdülər. Tofiq bəy faktiki dekabrın 23-də saxlanılandan yanvarın 5-də aclıq edənə qədər yalnız peçenye yeyib və su içib. Son 6 gündə isə yalnlız su qəbul edir. Ona görə də orqanizmi çox zəifləyib. Həyat yoldaşı Maya xanım deyir ki, Tofiq bəy sanki 17-18 gündür aclıq edir. Bədəni o dərəcədə halsızdır, durumu o qədər pisləşib ki, onun həyatı üçün çox narahatıq”.

AXCP sədri beynəlxalq təşkilatları siyasi xadim Tofiq Yaqublunun “fiziki məhvinə” biganə qalmamağa çağırıb.

"Həm Azərbaycan cəmiyyəti, həm də dünya birliyi bu ədalətsizliyə etiraz etməldir,” o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar “şəxsi mülahizə”dir. Onun sözlərinə görə saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır.

“Həmin normativ çərçivəsində saxlanılan şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş formada, sanitar-epidemioloji-gigiyenik qayda və tələblər nəzərə alınmaqla qidalar verilir. Məntəqədəki qidaların keyfiyyəti, ümumiyyətlə, keyfiyyətsiz ərzaq məhsullarının saxlanılan şəxslərə verilməsilə bağlı iddialar tam əsassızdır. İndiyə kimi orada saxlanılan şəxslərin sağlamlığında hər hansı xoşagəlməz hal müşahidə edilməyib” o qeyd edib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

“Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq”, o qeyd edib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

XS
SM
MD
LG