Dekabrın 23-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının çağırışı ilə çoxsaylı fəallar Bakıda Fəvvarələr meydanında insam hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirməyə cəhd edib.
Amerikanın Səsinin müxbirinin aksiya yerindən verdiyi məlumata görə, fəallar "Bəxtiyara azadlıq!", "Öldürmə, azad et!", "Siyasi repressiyalara son!" və başqa şüarlar səsləndirib.
Polis fəalların qarşısını kəsib, onlarla aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlar arasında “Müdafiə Xətti" hüquq müdafiə təşkilatınin təmsilçiləri Rüfət Səfərov, Zaur Əkbər, Zəfər Əhmədov, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, Azərbaycan Xalq Cəbhəsi, Demokratiya və Rifaf Partiyalarının (ADP), D18 Hərəkatının, digər ictimai-siyasi təşkilatların üzvləri, eləcə də çoxsaylı ictimai fəallar var.
Aksiyanı işiqlandıran Amerikanın Səsinin müxbiri Türkan Bəşir də polis tərəfindən saxlanılıb və sonra sərbəst buraxılıb.
Etiraz aksiyası ərəfəsində də aksiyanın potensial iştirakçıları saxlanılıb.
Bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Xalq Cəbhəsi Partiyasının Xətai rayon təşkilatının sədri Faiq Nağıyev saxlanılıb. Bundan başqa saxlanılanlar arasında "D18-Demokratiya 1918 Hərəkatı" üzvləri Afiəddin Məmmədov və Samir Soltanov olduğunu da bildirib.
Bundan əlavə Hacıyevin şikayətinə baxılan Bakı Apellyasiya Məhkəməsinin binası qarşısında müstəqil jurnalist Emil Maniyev saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyindən şərh almaq hələ mümkün olmayıb.
Aksiyadan əvvəl “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı etiraz aksiyasının dekabrın 23-də Bakının Fəvvarələr Meydanında keçiriləcəyini bildirib.
Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, aksiya ölkədə total insan hüquqlarının pozulması ilə bağlıdır.
Bakı şəhər İcra Hakimiyyəti aksiyasının keçirilməsini məqsədəuyğun hesab etməsə də, "Müdafiə Xətti" etiraz aksiyasının keçiriləcəyini bəyan edib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirib ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 9 gündür aksiyanı davam etdirir.