Accessibility links

Vəkil: Bəxtiyar Hacıyevdə baş gicəllənmələri artıb, müvazinətini itirir


Bəxtiyar Hacıyev (Arxiv foto, mənbə VOA)
Bəxtiyar Hacıyev (Arxiv foto, mənbə VOA)

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını 8 gündür davam etdirir.

Vəkil Cavad Cavadov dekabrın 22-də ictimai fəalın saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşdən sonra Amerikanın Səsinə deyib ki, Hacıyevin səhhətində problemlər yaranıb.

“Təbii ki, 8 gündür aclıq edən insanın səhhəti normal ola bilməz. O günü-gündən çəki itirir. Öz dedyinə görə, hər gün həkim onun hərarətini, nəbzini, çəkisini, təzyiqini ölçür. Öz bildirdiyinə görə, bu gün təzyiqi çox aşağı olub, yəni 90/60-dır. Tepmeraturu 35,4 dərəcə, nəbzi 76 olub. Çəkisi isə 79,5 kiloqramdır (təcridxanaya qəbul ediləndə 84,5 kiloqram olub-red)”.

Vəkilin sözlərinə görə, aclığın nəticəsi olaraq Bəxtiyar Hacıyevdə artıq baş gicəllənmələri artıb.

“Bəzi vəziyyətlərdə müvazinətini itirir. Buna baxmayaraq o aclığı davam etdirməkdə israrlıdır”.

Cavad Cavadov Hacıyevin saxlanma şəraitindən naratlığı olmadığını deyib. O təcridxananın tibb hissəsinə köçürülüb.

Sabah, dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi haqqında müraciətinin təmin edilməməsi barədə Xətai rayon Məhkəməsinin qərarından şikayətinə baxılacaq.

“Apellyasiya Məhkəməsinin Bəxtiyar Hacıyev barədə həbs qətimkan tədbirini dəyişəcəyini gözləyirəm. Ən azı ona görə ki, Hacıyevə qarşı qondarma ittiham verilsə belə, bu ittihamla şəxsin həbsdə saxlanılması gülüncdür. Ona görə, gözləyirik ki, məhkəmə onu ev dustaqlığına buraxacaq və aclıq alksiyasını davam etdirməsinə ehtiyac olmayacaq”, vəkil qeyd edib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 8 gündür aksiyanı davam etdirir.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.

Mövzuya uyğun

XS
SM
MD
LG