Accessibility links

"Bəxtiyar Hacıyevin həbsi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı siyasi təzyiqdir"


İctimai fəalın vəkili Aqil Layıcın məlumatına görə Bəxtiyar Hacıyev artıq 6 gündür ki, həbsinə etiraz olaraq aclıq aksiyasına davam edir.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyev mənəvi-psixoloji işgəncə altındadır.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinin sorğusuna cavabda deyib ki, Bəxtiyar Hacıyev aclıq etmir.

"O bir gün aclıq etdi, dekabrın 18-də aclığı dayandırdı. Bəxtiyar Hacıyevə qarşı hər hansı mənəvi-psixoloji işgəncədən söhbət belə gedə bilməz", o qeyd edib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.

Bəs siyasətçilər ictimai fəal Bəxtiyar Hacıyevin həbsi barədə nə düşünürlər?

Əli Kərimli: Artıq müstəqil gənclərə qarşı bu repressiyaları artırıblar

Əli Kərimli: Müstəqil gənclərə qarşı da repressiyaları artırıblar
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə deyib ki, cəmiyyət hakimiyyət tərəfindən repressiyaya məruz qalan hər kəsi müdafiə etməlidir:

"Susmadığı üçün, müstəqil səsini ucaltdığı üçün, cəsarətlə hökuməti tənqid etdiyi üçün repressiyaya məruz qalan insanları tək buraxmamalıyıq. Onların hamısına arxa olmalıyıq. Onların hamısını müdafiə etməliyik. Artıq bu il müstəqil gənclərə qarşı da bu repressiyaları artırıblar. Heç bir ayrıseçkilik qoymadan, bütün repressiya olunanlara Azərbaycan cəmiyyəti sahib çıxmalıdır. Biz Azərbaycanda imkan vermərik ki, orta əsrlərə xas olan feodal idarəetməsi yaransın, cəmiyyət tamamilə istilaya məruz qalsın, susdurulsun".

Əhməd Məmmədli: Bəxtiyar Hacıyevin həbsi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı siyasi təzyiqdir

Əhməd Məmmədli: Bəxtiyar Hacıyevin həbsi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı siyasi təzyiqdir
please wait

No media source currently available

0:00 0:00:33 0:00

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli Amerikanın Səsinə bildirib ki, hərəkat Bəxtiyar Hacıyevin həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini hesab edir.

"Onun ictimai-siyasi fəaliyyəti, beynəlxalq təşkilatlarla əlaqəsi və zaman-zaman hakimiyyətin güc strukturlarını tənqid etməsi görünür hakimiyyətin öz rəqiblərinə qarşı münasibətini sərtləşdirib. Biz "Demokratiya 1918" Hərəkatı olaraq bildirmişik ki, Bəxtiyar Hacıyevin həbsi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı siyasi təzyiqdir" - deyə, o bildirib.

Gülağa Aslanlı: Bu gedişlər göstərir ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur

Gülağa Aslanlı: Bu gedişlər göstərir ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur
please wait

No media source currently available

0:00 0:01:15 0:00

"Müsavat" Partiyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı isə düşünür ki, Bəxtiyar Hacıyev İlham Əliyevin siyasi sifarişi ilə həbs olunub:

"Yəni bütün bu gedişlər göstərir ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur. Bəxtiyar bəylə bağlı hansı qərarın verilməsi, məncə, birbaşa İlham Əliyevin göstərişindən asılı olacaq. Əgər İlham Əliyev göstəriş versə ki, Bəxtiyar Hacıyevi həbsdən azad edin, hakim elə bir qərar çıxaracaq. Əgər İlham Əliyev tapşırıq versə ki, hakim Bəxtiyar Hacıyevdən üzr istəməlidir, hakim həm də üzr istəyəcək. Yox, əgər göstəriş o olsa ki, əvvəlki məhkəmənin qərarı qüvvədə saxlanılsın, həmin qərar qüvvədə saxlanılacaq. Azərbaycanda müstəqil məhkəmə yoxdur və İlham Əliyevin göstərişi olan yerdə isə ümumiyyətlə, hər hansı bir tapşırığı, hər hansı bir məhkəmə sədri onu icra etməyə bilməz".

Rüfət Səfərov: Sanksiyalarla bağlı Bəxtiyar çox ciddi işlər ortaya qoyurdu

Rüfət Səfərov: Sanksiyalarla bağlı Bəxtiyar çox ciddi işlər ortaya qoyurdu
please wait

No media source currently available

0:00 0:01:56 0:00

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərov hesab edir ki, Bəxtiyar Hacıyevin həbsi onun Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı işlərilə əlaqəlidir.

"Bəxtiyar Hacıyevə qarşı elan olunan rəsmi ittihamlar tamamilə saxtadır. İlham Əliyevin iradəsi nəticəsində bu gün Bəxtiyar Hacıyev cəmiyyətdən təcrid olunub. Bu, gözlənilməz deyildi, cari ildə Bəxtiyar Hacıyevin bir neçə dəfə hökumət dairələrindən bağlılığı şübhə doğurmayan dəstələr tərəfindən oğurlanması, işgəncəyə məruz qalması, pis rəftara məruz qalması həbsin anonsu kimi qiymətləndirilirdi. Son dövrlərdə isə Azərbaycan hakimiyyətinin repressiv mahiyyətinə yönəlik kifayət qədər ciddi işlərin əməliyyat tədbirlərinin içərisində idi. Sanksiyalarla bağlı Bəxtiyar çox ciddi işlər ortaya qoyurdu" - deyə, o bildirib.

Tofiq Yaqublu: İlham Əliyev cinayətkar tutmaq istəyirsə, özündən başlasın

Tofiq Yaqublu: İlham Əliyev cinayətkar tutmaq istəyirsə özündən başlasın
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu Bəxtiyar Hacıyevi həbs etməklə İlham Əliyevin cəmiyyətə mesaj verdiyini deyir:

"İlham Əliyev cinayətkar tutmaq istəyirsə, özündən başlasın, ətrafından başlasın və bu gün Bəxtiyar Hacıyevlə bağlı hansı qərar qəbul ediləcək onu İlham Əliyev müəyyənləşdirir. Mənə elə gəlir ki, o xüsusilə beynəlxalq konyukturanı nəzərə alıb qərar verəcək. İlham Əliyev bu cür çətin zamanda Bəxtiyar Hacıyevi həbs etməklə demək istəyir ki, Putinin zəifləməsi onun da zəifləməsi demək deyil və xalq bundan istifadə edib ayaqlana bilər. Bu cəmiyyətə bir mesajdır ki, onlar elə fikrə düşməsinlər. Orada nə baş verməsindən asılı olmayaraq mən möhkəməm və repressiya aparatı möhkəmdir, nizamdır, işləyir".

Bəxtiyar Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib. Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib.

Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib. Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.

XS
SM
MD
LG