Accessibility links

Bəxtiyar Hacıyev aclığı davam etdirir


Arxiv- Bəxtiyar Hacıyev, vəkil Aqil Layıcla polis idarəsindən çıxarkən
Arxiv- Bəxtiyar Hacıyev, vəkil Aqil Layıcla polis idarəsindən çıxarkən

Həbsdə olan Bəxtiyar Hacıyev aclığı davam etdirir.

Bu barədə dekabrın 16-da vəkil Aqil Layıc onunla saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdükdən sonra bildirib.

“Bu gün Bəxtiyar Hacıyevlə görüşdüm. Artıq ikinci günə keçir ki, mayeli aclığı davam etdirir. İctimaiyyətin, həmçimin öz fikrimi çatdırsam da, aclığı dayandırmaq fikrindən daşınmadı. Ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirdi. Özünə qarşı olan haqsızlığa görə bu addımda israrlı olduğunu qeyd etdi. Müəssisə həkimi tərəfindən səhhəti yoxlanılacaq“, vəkil qeyd edib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.

XS
SM
MD
LG