Accessibility links

Bəxtiyar Hacıyevin həbs qərarından apellyasiya şikayəti verilib


Bəxtiyar Hacıyev (Arxiv foto, mənbə VOA)
Bəxtiyar Hacıyev (Arxiv foto, mənbə VOA)

İctimai fəal Bəxtiyar Hacıyev barədə Bakının Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbiri barədə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə vəkil Aqil Layıc dekabrın 12-də təcridxanada Hacıyevlə görüşündən sonra Amerikanın Səsinə bildirib.

“Əsassız həbs qərarına apellyasiya məhkəməsində son qoyulnmasını istəyirik”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyevin səhhəti yaxşıdır.

“Saxlanılma şəraitindən şikayəti yoxdur. Sadəcə ictimaiyyətdən və beynəlxalq qurumlardan dəstək gözləyir”.

Vəkil Hacıyevə istinadən deyib ki, ictimai fəal həbsinin onun beynəlxalq təşkilatlarla kommunikasıyasını məhdudlıaşdırmaq məqsədi daşıdığını bildirib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Barəsində qətimkan tədbiri seçilmək üçün dekabrın 9-da məhkəməyə göndərilib.

Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa ittifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən İllik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycna siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq" , Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Mövzuya uyğun

XS
SM
MD
LG