Accessibility links

Bəxtiyar Hacıyev: Daxili işlər naziri şəxsən özü bu cinayətin açılmasında maraqlı deyil


Bəxtiyar Hacıyev: Daxili işlər naziri şəxsən özü bu cinayətin açılmasında maraqlı deyil
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Bəxtiyar Hacıyev bu ilin aprelin 21-də naməlum şəxslər tərəfindən oğurlandığını və fiziki zorakılığa məruz qaldığını bildirmişdi. Həmin məsələ ilə bağlı aprelin 25-də Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.

İctimai fəal iyulun 7-də Amerikanın Səsinə verdiyi müsahibədə bildirib ki, o, istintaq hərəkətlərinin aparılmasından narazıdır. Onun sözlərinə görə, cinayət işi açılsa da, məsələnin formal hissələri tamamlanıb, lakin istintaqa verdiyi mühim vəsatətlər təmin olunmayıb:

“Məni mart ayında döydürən Əkbər İsmayılov (Bakı Şəhər Baş Polis İdarəsinin rəisi) və eyni zamanda, məni cəzalandırmaqla hədələyən Vüqar Ələkbərovla (Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini) bağlı vəsatət vermişdim ki, onlar çağırılıb dindirilsinlər. Çünki Vüqar Ələkbərov mənə “bəzi polis əməkdaşları mənə müraciət edirlər ki, icazə verin onun başına oyun açaq, şalvarını çıxarıb başına keçirək deyə müraciət edirlər”, deyə bildirmişdi. Bununla bağlı aprelin 29-da istintaqa vəsatət vermişəm, amma bu günə qədər təmin olunmayıb”.

Bəxtiyar Hacıyev bildirib ki, o, iyulun 7-də məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Fəalın sözlərinə görə, cinayət işində əhəmiyyət kəsb edən adamlardan ifadə alınmır, bunun yerinə məsələyə aidiyyatı olmayan şəxslər dindirilir.

“Soruşdum ki, niyə vəsatətlərim təmin olunmur, mənə orada verilən cavab budur ki, həmin insanların hər ikisi generaldır, Əkbər İsmayılov əvvəlcədən general-mayor idi, Vüqar Ələkbərova isə təzəlikcə general-mayor rütbəsi verilib və buna görə də onları istintaqa cəlb etmək doğru olmazdı”, deyə Hacıyev bildirib.

Bəxtiyar Hacıyevin sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona əməliyyat tədbirlərinin keçirildiyini deyiblər, fəal isə buna inanmadığını deyib:

“Mənim oğurlandığım küçədə kameralar olub və kameralar sabitlənib. Bu kameralar Daxili İşlər Nazirliyinə məxsusdur və bununla bağlı da heç bir məlumat verilmir ki, onu sabitləyən şəxs kim olub, onun ifadəsi alınıb, yoxsa yox. Bütün bunların hamısı mənə əsas verir ki, bu işlər Daxili İşlər Nazirliyi səviyyəsində, nazirin məlumatı səviyyəsində törədilmiş bir əməldir və Daxili işlər naziri (Vilayət Eyvazov) şəxsən özü bu cinayətin açılmasında maraqlı deyil”.

İttihamlarla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən hələlik münasibət almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Amerikanın Səsinə bildirib ki, məsələ araşdırılır.

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev barəsində protokol tərtib edərək araşdırılıması üçün Ədliyyə Naziliyinin İstintaq İdarəsinə göndərib. Bu barədə Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib.

Bəxtiyar Hacıyevlə söhbətimiz zamanı onun jurnalist Ülviyyə Alovluya qarşı məhkəmə işi haqda da sual ünvanlandıq.

İctimai fəal jurnalistin sosial şəbəkələrdə onu təhqir etdiyni hesab edərək, xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsinə müraciət edib. Bu ilin aprelində Yasamal rayon Məhkəməsi Hacıyevin iddiasını təmin etməyib. Hacıyev Yasamal rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İyulun 5-də Bakı Apellyasiya Məhkəməsinin hakimlər heyəti Mirzəli Abbasov (sədr), Ramin Qaraqurbanlı və Vaqif Mursaqulov Hacıyevin şikayətini təmin etməyib.

“Qərar elan olunanda hakimlərə dedim ki, “əgər təhqir yoxdursa, orada yazılanlar ailə üzvlərinizə aiddir”. Bunu hakimlərə hörmətsizlik kimi qəbul etdilər və barəmdə protokol tərtib edilərək araşdırılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib ki, məni məsuliyyətə cəlb etsinlər,” o qeyd edib.

Fəal məhkəmənin siyasi sifarişlə qərar verdiyini iddia edir:

“Məhkəməyə 60 səhifəlik təhqir və böhtan faktlarını, səsyazmalar, video-görüntülər təqdim etmişəm və məhkəmə həmin ifadələri linqvistik ekspertə göndərib. Linqvistik ekspert də təsdiq edib ki, burada olan ifadələrin hər biri insan ləyaqətini və şərəfini alçaldan ifadələrdir”.

Məhkəmənin qərarı ilə bağlı Ülviyyə Alovlunun mövqeyini öyrənmək mükün olmayıb. Lakin Ülviyyə Alovlu Yasamal rayon Məhkəməsinin qərarına öz sosial media hesabından münasibət bildirib.

“Bloger Bəxtiyarın mənə qarşı əsassız ittihamı ilə başladılan məhkəmə işi mənim - hüququ beş barmağı kimi bilən möhtərəm vəkilim Fuad Kərimovun sayəsində başa çatdı. Yəni, o, savadlı bildiyiniz bloger mənə məhkəmədə uduzdu” deyə, Alovlu hesabında yazıb.

Bakı Apellyasiya Məhkəməsindən Amerikanın Səsinə bildiriblər ki, hakimlərlə əlaqə saxlamaq mümkün deyil.

“Məhkəmənin qərarı hələ məhkəmənin elektron sisteminə daxil edilməyib. Bu səbəbdən hər hansı məlumat vermək mümkün deyil”, deyə bildirilib.

Xatırlatma

İctimai fəal Bəxtiyar Hacıyev bildirib ki, aprelin 21-də saat 23 radələrində Bakı şəhərində evə gedərkən Məhəmməd Naxçıvani və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində qara maskalı şəxslər onu saxlayaraq başına qara torba keçirərək naməlum yerə aparıblar: "Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, Daxili İşlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim”.

Onun sözlərinə görə, heç kimdən tapşırıq almadığını deyəndə paltarını çıxarıb, tələb ediblər ki, postlarını silsin: “Bu tələblə əksər postları sildirdilər".

DİN mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev də Bəxtiyar Hacıyevin həmin açıqlamasından sonra belə bir məlumat yaymışdı:

“Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”.

Bəxtiyar Hacıyev son bir ildə şikayətlərinin araşdırılmaması və polisin yüksək rütbəli əməkdaşları tərəfindən təhdid edilməsi ilə bağlı bir neçə dəfə açıqlama yayaraq, daxili işlər nazirini tənqid etmişdi. Amma DİN-dən onun təhdid edilməsi ilə bağlı dediklərini təkzib etmişdilər.

XS
SM
MD
LG