Dekabrın 9-da ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.
“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, Departamentin mətbuat katibinin müavini Vedant Patel ənənəvi mətbuat üçün gündəlik brifinqində Turan agentliynin müxbirinin sualının cavabında deyib.
"ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə əvvəlkitək qətiyyətlə sadiq qalır və biz yenidən hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən onların öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq", Patel əlavə edib.
Hacıyev dekabrın 9-da saxlanılıb və onun barəsində 50 sutka müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.
Onun həbsi Azərbaycan hökumətinin müxalifət partiyalarının funksionerlərinə və fəallarına qarşı son repressiyaları fonunda baş verib.
Turan agentliyinin “Azərbaycan rəsmilərilə (sonuncu dəfə bu həftə ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı) ikitərəfli danışıqlar zamanı insan hüquqları mövzusu müzakirə olunurmu?” sualının cavabında Patel deyib ki, ABŞ bu mövzunu öz xarici siyasətinin mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.
“Bu administrasiyanın işinin lap əvvəlindən, vəzifəyə başladığımız vaxtdan biz dünya ölkələrilə qarşılıqlı fəaliyyət göstərərək insan hüquqlarını xarici siyasətimizin mərkəzi hissəsinə qoymuşuq və bunu davam etdirmək niyyətindəyik”, o deyib.
Hacıyevin həbsi ABŞ-ın 65-dən çox fiziki və hüquqi şəxsə, həmçinin azərbaycanlı polis polkovniki Kərim Əlimərdanova qarşı maliyyə sanksiyaları və viza məhdudiyyətləri elan etməsindən bir qədər əvvəl baş verib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kazlariç Turan agentliyinə deyib ki, mühüm olan odur ki, Dövlət Departamenti Kərim Əlimərdanova Qlobal Maqnitski qanununa uyğun olaraq insan hüquqlarının pozulmasına görə sanksiya tətbiq edib.
“Bakı rejimi cəzasız olaraq insan hüquqlarının pozulmasına yol verib. İndi nəticələr var”, Kazlariç deyib.
“Ümid edirəm ki, bu sanksiyalar kobud korrupsiyaya yol verən vəzifəli şəxslərə də şamil olunacaq”, o əlavə edib
Azərbaycan Daxili İşlər Nazirliyindən bununla bağlı münasibət öyrənmək hələlik mümkün olmayıb.