Accessibility links

ABŞ "Bandotdel"-in polis polkovnikini sanksiyalar siyahısına saldı


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Amerika Birləşmiş Ştatlar Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü və Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində bütün dünyada korrupsiya və insan hüquqlarının pozulmasına görə hesabatlılığı təşviq etmək üçün tədbirlər həyata keçirir.

Bu tədbirlərə Qlobal Maqnitski Aktına əsaslanan icra sərəncamı və maliyyə sanksiyaları, həmçinin viza məhdudiyyətləri daxildir.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, beynəlxalq korrupsiya ilə mübarizə və insan haqları günləri münasibətilə sanksiyaya məruz qalan fərdlərin siyahısını dərc edib.

Siyahıya Azərbaycandan ilk dəfə olaraq “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Heydər oğlu Əlimərdanov da var.

Sanksiya qərarının 7031(c) maddəsinə əsasən, Dövlət Departamenti polis polkovniki Əlimərdanovu 2015 və 2016-cı illərdə insan hüquqlarının kobud şəkildə pozulmasında, yəni məhbuslara işgəncə verilməsində iştirakına görə sanksiya siyahısına daxil edib.

Məlumatda deyilir ki, ölkənin immiqrasiya və vətəndaşlıq aktına əsasən, sanksiya tətbiq edilmiş fiziki şəxslərin və ya qurumların Birləşmiş Ştatlarda, yaxud ABŞ şəxslərinin ixtiyarında, nəzarətində olan bütün əmlakı bloklanır.

Azərbaycan Daxili İşlər Nazirliyindən bununla bağlı münasibət öyrənmək hələlik mümkün olmayıb.

Əlimərdanov 2015-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycandan başqa digər ölkələrin də adları çəkilib. Onlar arasında Ukraynada mülki əhaliyə qarşı qətliamlar törədən Rusiya hərbçiləri var.

Dekabrın 10-da dünyada Beynəlxalq İnsan Hüquqlarının Müdafisəsi günü qeyd edilir. Bir sıra yerli və xarici ekspertlər Azərbaycanda da müxtəlif istiqamətlər üzrə insan haqlarının pozulma hallarının olduğunu deyirlər. Rəsmi Bakı isə bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan höküməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir.

XS
SM
MD
LG