Accessibility links

Rusiyalı müxalif siyasətçi İlya Yaşin 8 il müddətinə azadlıqdan məhrum edilib


Moskva məhkəməsi müxalif siyasətçi İlya Yaşini Rusiya ordusunun Ukraynaya davam edən işğalı fonunda yalan məlumat yaymaqda ittiham edərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Meşçanski rayon məhkəməsi dekabrın 9-da bu barədə qərar çıxarıb.

39 yaşlı Yaşin Kremlin açıq tənqidçisidir və həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının tərəfdarlarına və Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxış edən insanlara qarşı repressiya dalğasından sonra hələ də Rusiyada olan azsaylı tanınmış müxalifət siyasətçilərindən biridir.

Bu, fevralın sonunda Kremlin əsassız olaraq Ukraynaya təcavüzünə başlamasından bir neçə gün sonra yeni qanunun tətbiqindən bəri Rusiya silahlı qüvvələrini nüfuzdan salmaqda ittiham olunan şəxslərə qarşı verilən ən sərt hökmdür.

Yaşinə qarşı iş iyulda başlayıb. Ona qarşı ittiham Ukraynanın Buça şəhərində rus hərbçilərinin törətdiyi iddia edilən cinayətlərlə bağlı YouTube-dakı paylaşımlarından irəli gəlir.

Yaşin əvvəllər də etiraz aksiyalarına görə dəfələrlə həbs olunub.

Dekabrın 5-də keçirilən prosesdə Yaşin son ifadəsində "Heç nəyə görə peşman deyiləm" deyib.

"Mən qaça bilərdim, susa bilərdim. Amma etməli olduğum işi görürdüm. Sənin adından edilənlərə görə utanmaqdansa, 10 ili dəmir barmaqlıqlar arxasında keçirmək daha yaxşıdır" – deyə, Yaşin bildirib.

Yaşin bildirib ki, hakimiyyət onu Rusiyanı tərk etməyə məcbur etməyə çalışır, o isə bundan imtina edib.

Navalnı Yaşinin hökmünü pisləyib və bunu "qanunsuz" adlandırıb.

"Putinin məhkəməsinin növbəti utancverici və qanunsuz hökmü İlyanı susdurmayacaq və Rusiyanın vicdanlı xalqını qorxutmamalıdır. Bu, bizim mübarizəni davam etdirməyimizin başqa səbəbidir və mənim bizim son nəticədə qalib gələcəyimizə şübhəm yoxdur" – deyə, Navalnı Twitter hesabında bildirib.

XS
SM
MD
LG