Bu gün, iyulun 5-də Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev barəsində protokol tərtib edərək araşdırılıması üçün Ədliyyə Naziliynin İstintaq İdarəsinə göndərib.
Bu barədə Bəxtiyar Hacıyev Amerikanın Səsinə deyib.
Belə ki, Bəxtiyar Hacıyev sosial şəbəkələrdə Ülviyyə Alovlu adlı şəxsin onu təhqir etdiyni hesab edərək, xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsinə müraciət edib. Bu ilin aprelində Yasamal rayon Məhkəməsi Hacıyevin iddiasını təmin etməyib. Hacıyev Yasamal rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu gün, iyulun 5-də Bakı Apellyasiya Məhkəməsinin hakimlər heyəti Mirzəli Abbasov (sədr), Ramin Qaraqurbanlı və Vaqif Mursaqulov Hacıyevin şikayətini təmin etməyib.
“Barəmdə səslənmiş təhqirə görə iclas idi, məhkəmə təmin etmədi. Hakimlərə dedim ki, “təhqir yoxdursa, ailə üzvlərinizə aiddir orada yazılanlar”. Bunu hakimlərə hörmətsizlik kimi qəbul etdilər və barəmdə protokol tərtib edilərək araşdırılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərəcəklər ki, məni məsuliyyətə cəlb etsinlər,” o qeyd edib.
Bu məhkəmənin qərarı ilə bağlı Ülviyyə Alovlunun mövqeyini öyrənmək mükün olmayıb. Amma Ülviyyə Alovlu Yasamal rayon Məhkəməsinin qərarına sosial mediada münasibət bildirib.
“Bloger Bəxtiyarın mənə qarşı əsassız ittihamı ilə başladılan məhkəmə işi mənim - hüququ beş barmağı kimi bilən möhtərəm vəkilim Fuad Kərimovun sayəsində başa çatdı. Yəni o savadlı bildiyiniz bloger mənə məhkəmədə uduzdu,” o, Facebook hesabında yazıb.
Öz növbəsində, Bakı Apellyasiya Məhkəməsinin Qaynar Xəttindən Amerikanın Səsinə bildiriblər ki, hakimlərin ofisi ilə əlaqə saxlamaq mümkün deyil.
“Məhkəmənin qərarı da hələ məhkəmənin elektron sisteminə daxil edilməyib. Bu səbəbdən hər hansı məlumat vermək mümkün deyil,” Qaynar Xəttin məsul əməkdaşı bildirib.