Accessibility links

İctimai fəal Bəxtiyar Hacıyev işgəncəyə məruz qaldığını bildirib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Martın 9-da günorta saatlarında saxlanılan ictimai fəal Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsində 7 saatadək saxlanıldıqdan sonra sərbəst buraxılıb. İctimai fəal Daxili İşlər Nazirliyinin binası qarşısında saxlanılıb.

Polis əməkdaşları fəalın şəxsi avtomobilinə hücum edib, maşının pəncərəsini sındırıb və Hacıyevi zorla maşından endirərək aparıblar.

Baş verənləri Hacıyev özü Facebook səhifəsində canlı rejimdə yayıb.

Kadrlarda görünür ki, avtomobilin yan şüşəsindən daxili işlər naziri Vilayət Eyvazovun adı yazılmış mətn asılıb.

Bəxtiyar Hacıyev sərbəst buraxılandan sonra bildirib ki, saxlanılan zaman onunla pis rəftar ediblər. Üz və qulaq nahiyyəsində qançır izlərini nümayiş etdirib.

“Deyirlər bir cavab var, rəhbərliyin tapşırığı var, sən Bəxtiyar Hacıyevin heç bir şikayəti təmin olunmayacaq, ancaq mənə qarşı olan bütün şikayətlər təmin olunacaq. Mən buna etiraz olaraq avtomobilimin arxa şüşəsinə yazmışam ki, “Vilayət Eyvazov cinayətkarları himayə etməyin”. Avtomobilimi Daxili İşlər Nazirliyinin binası qarşısında saxlayan kimi yumruqlayıb şüşəsini qırdılar. Özümü zorla yerə yıxdılar, qolumu qandalladılar. Gətirdilər Bakı şəhər Baş Polis İdarəsinə, bu idarənin rəisi isə məni özünə layiq olan sözlərlə təhqir etdi,“ fəal qeyd edib.

O bildirib ki, son bir ildə verdiyi heç bir şikayət araşdırılmayıb.

“Video kameraların qarşısında mənə qarşı zorakılıq göstərilib. Ancaq Bakı şəhər Baş Polis İdarəsi deyir ki, rəhbərliyin göstərişi var, şikayətçi sən olduğuna görə araşdırılmayacaq.”

Daxili Işlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, vətəndaş Bəxtiyar Hacıyev şikayəti əsasında aparılan araşdırmaya etiraz edərək bu gün özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib.

“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar".

Qeyd olunur ki, Bəxtiyar Hacıyev etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb.

Hacıyev Daxili İşlər Nazirliyinin bu məlumatını əsassız adlandırıb.

“Yalan danışırlar. Mən bildirmişdim ki, Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz edəcəm. Onların guya mənim özümü, oradakı binaları yandıracam deməyimlə bağlı məlumatları tam yalandır. Tofiq Yaqublunu döyüb, sonra Yaqublu özünü döyüb deyən qurumdan hər şey gözləmək olar,” fəal qeyd edib.

O, növbəti addım kimi etirazını davam etdirəcəyini bildirib.

“Çünki şikayət etməyin mənası yoxdur, araşdırılmır. Sabah yenə çağırıblar. Dəfələrlə belə olub. Deyirlər şikayəti araşdıracaqlar, amma nəticəsi yoxdur.”

Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, bu gün hüquq müdafiəçisi Zaur Əkbərlə birgə Hacıyevin saxlanılması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərovun qəbulunda olub.

“Orada sual etdik ki, Bəxtiyar Hacıyevə qarşı zorakılıq olubmu? Dedilər hər hansı zorakılıq halı olmayıb. Guya Hacıyev orada benzinlə haralarısa yandırmaq istəyib. Əslində bunu absurd kimi qiymətləndiririk. Ona qarşı zorakılıq göstərilib, əmlakına ziyan vurulub. Üz və qulaq nahiyyəsində işgəncə izləri var. Bu vəhşilik və quldurluqdur. Bəxtiyar Hacıyevə qarşı bunları törədənlərə cinayət işi qaldırılmalıdır,” hüquq müdafiəçisi Rüfət Səfərov qeyd edib.

İctimai fəal Bəxtiyar Hacıyev fevraın 11-də Bakı Şəhər Baş Polis İdarəsində rəhbərlik səviyyəsində təhdid edildiyini bildirib.

Fəalın sözlərinə görə, Baş Polis İdarəsinə bir cinayət işi ilə bağlı şahid qismində dəvət edilsə də, idarənin rəis müavini, polkovnik Vüqar Ələkbərov onu otağına dəvət edərək çox sərt şəkildə təhdid edib.

Gənc fəal bunu Daxili İşlər naziri Vilayət Eyvazov haqqında yazdığı tənqidi statusla izah edib.

Amma Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Bəxtiyar Hacıyevə qarşı heç bir təhdiddən söhbət gedə bilməz.

"Bəxtiyar Hacıyev öz ampluasındadır. Səsləndirilən iddialar əsassızdır," o qeyd edib.

Bəxtiyar Hacıyev hökumtin tənqidçisi kimi tanınır. O, 2007–2009-cu illərdə Harvard Universitetində İctimai Siyasət üzrə magistr pilləsində təhsil alıb, MPP (Master in Public Policy) dərəcəsi alıb.

Hacıyev son parlament seçkilərində deputatlığa namizəd olub. Seçkilərdə qalib gəldiyini iddia etsə də, Mərkəzi Seçki Komissiyası digər namizədə mandat verib.

O, 4 mart 2011-ci ildə həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən "vicdan məhbusu" elan edilib.

ABŞ Dövlət katibi Hillari Klintonun 2012-ci il iyunun 6-da Azərbaycana səfərindən iki gün öncə iyunun 4-də o, Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Dövlət Katibi Bakı səfəri çərçivəsində Bəxtiyar Hacıyevlə görüşüb.

Onun 2004-2005-ci illərdə "Təhsildə rüşvətə YOX deyək" adlı aksiyası ölkədə geniş dəstək alıb və ictimai fəal həmin dövrdə təzyiqlərə məruz qalıb.

Bəxtiyar Hacıyev 2007-ci ilin yanvarında işıq, su, qaz pullarının birdən-birə 2-3 dəfə qaldırılmasına etiraz olaraq "susmayaq.biz" saytını qurub, imzatoplama kampaniyası apardığı zaman sayta Azərbaycanda giriş bağlanıb və o, 12 sutka inzibati həbs edilib, iki gün sonra isə Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG