Accessibility links

Azərbaycanın ictimai-siyasi xadimləri və beynəlxalq ictimaiyyət Bəxtiyar Hacıyevə azadlıq tələb edir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctiami fəal Bəxtiyar Hacıyevin həbsi Azərbaycanda ictimai-siyasi xadimlər, ziyalılar, hüquq müdafiəçiləri tərəfindən sərt tənqidlərlə qarşılanıb. Bu həbs sosial şəbəkələrdə 10 dekabr Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Gününün əsas müzakirə trendidir. Bəyanatlarda həm də Azərbaycanda hökumətin fundamental azadlıqlarla bağlı apardığı siyasət tənqid hədəfidir.

Bütün bəyanatların başlığı “Bəxtiyar Hacıyevə azadlıq!” şüarıdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, xeyli müddətdir Bəxtiyar bəyə qarşı təzyiqlər artıq ardıcıl xarakter alıb.

“Oğurlanıb işgəncəyə məruz qalması, polis idarəsində fiziki zorakılığa məruz qalması, ardıcıl cəlb olunduğu məhkəmə təqibləri də kifayət etməyib. İndi Bəxtiyar bəyin susdurulması üçün uydurma cinayət işi başlayıblar. Hamılıqla Bəxtiyar bəyə azadlıq tələb etməliyik. Azərbaycanda siyasətçilərə, ictimai fəallara, gənclərə divan tutmaq, cəmiyyəti zorla, repressiya ilə susdurmaq siyasətinə birlikdə etiraz etməliyik,” o qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edır ki, “Bəxtiyar Hacıyevin həbsi yalnız hüquqa zidd hərəkət, ədalətsizlik, hakimiyyətin repressiya siyasətinin davamı deyil, həm də dövlət mənafelərimizə zərbədir”.

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədovun fikrincə, Avropa Məhkəməsinin 18+5-ci (siyasi motivli həbs) maddəsi ilə bağlı qərarlar təkcə fərdi tədbirlər hissəsində deyil, həm də belə pozuntuların təkrarlanmasını əngəlləyən ümumi tədbirlər hissəsində icra olunsaydı Bəxtiyar Hacıyev bu gün həbs edilməzdi.

“Amma hakimiyyət nəinki ümumi tədbirləri unudub, hələ heç fərdi tədbirlərin hamısını yerinə yetirməyib. Dünən dekabrın 8-də Avropa Şurası Nazirlər Komitəsi sayca milyardıncı qətnaməsində Azərbaycan hakimiyyətini bunu etməyə bir daha çağırıb. Hələlik ilk olaraq mən, sonra isə daha 7 nəfər bu qaydada bəraət almışıq. Daha 7 nəfər bir qədər sonra alacaq. Amma bəraətlə problem bir şəxs üçün hüquqi baxımdan çözülsə də, ölkə üçün bütövlükdə siyasi-hüquqi baxımdan çözülmür: Avropa Məhkəməsinin qərarından rəsmən, yəni xəyalda yox, sənəddə doğan ümumi tədbirlər də icra olunmalıdır”, o qeyd edib.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bildirib ki, 10 ildən çoxdur Bəxtiyar Hacıyev bu rejimin təqibi altındadır.

“Bu illər ərzində Bəxtiyar Hacıyev ardıcıl olaraq Əliyev rejiminin hədəfində olub. Onu oğurlayıblar, döyüblər, işgəncəyə məruz qoyublar, təhqir ediblər. Bir Harvard məzununun Azərbaycanda adi həyat tərzidir Bəxtiyar bəyin başına gələnlər. Dünən xırs-quldurbasan kimi onu yenə xaricdən dönərkən hava limanında saxlayıb saxta bir ittihamla yenidən bir ay 20 gün həbs ediblər. Hətta Çar Rusiyası dövründə Qərbin qabaqcıl universitetlərdə məzun olan Azərbaycan gəncləri belə təqiblərə, belə məşəqqətlərə məruz qalmırdı. Nədir Bəxtiyar bəyin günahı? O, öz vətənini dərindən sevir, onu azad və bəxtiyar görmək istəyir. Azad seçkiyə dayanan bir idarəçilik istəyir, saxta ittihamlarla tutulanlara mənəvi dəstək olur. 44 günlük vətən savaşında vətənə və millətə xidmətin örnəyini verir. Bu hakimiyyət yaxşı örnəkdən qorxur. Bəxtiyarın göz altına alınması da bu qorxunun təzahürüdür”, o qeyd edib.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu hesab edir ki, hökumətin tənqidçilərinə qarşı təzyiqlər Azərbaycan hakimiyyətinin bu ilin ilk 10 ayında tarixində olmadığı qədər -31,8 milyard dollar neft-qaz gəlirləri əldə etməsi ilə əlaqədardır.

“Halbuki indiyə qədər pik göstərici 2011-ci ildə -19,9 milyard dollar idi. İlin sonuna, ölkənin resurs gəliri 35 milyard dolları ötəcək. Neft-qaz gəlirlərinin üzərində qərarların verilməsində mütləq hökmranlığa malik olan ailə hakimiyyəti əlavə gəlirlərdən ilhamlanaraq müstəqil səsləri nəinki boğmaq, tamamilə susdurmaq xəttini seçib. Hakimiyyət hesab edir ki, kapitalın çoxalması onun avtoritar gücünü artırır. Odur ki, neft-qaz gəlirləri artdıqca Azərbaycanda siyasi və ictimai fəaliyyət mühiti daha da daralır. Nəzərə alın ki, neft-qaz erası tezliklə bitəcək, gələn ildən qiymətlər davamlı ucuzlaşacaq. Odur ki, baş verənləri hazırkı hakimiyyətin son qurşunları kimi də anlamaq olar,” partiya sədri belə hesab edir.

Müdafiə Xətti hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, tam saxta motivlərlə həbs edilən Bəxtiyar Hacıyev “mafiozların siyasi girovudur”.

“Ən iyrənc üsulları səfərbər edəcəklər ki, Bəxtiyarın əzmini sındırsınlar. Bacaracaqlarmı? Yox. Buna ilk növbədə yaxından tanıdığım Bəxtiyarın iradəsi, mətinliyi imkan verməyəcək, bir də çox ümid edirəm ki, bütün tənqidçilərin vahid və mütəşəkkil qaydada ifadə etdiyi mövqe və ləngiməyən beynəlxalq reaksiyalar olacaq”, o qeyd edib.

Siyasi şərhçi Azər Qasımlı yazıb ki, insan haqqları günündə Rusiyada siyasi fəal İlya Yaşin müharibəyə "müharibə" dediyinə görə 8 il azadlıqdan məhrum edilib, Azərbaycanda isə Bəxtiyar Hacıyev absurd və qondarma ittihamla həbs edilib.

“İki qardaş rejim. Hər ikisi sovet elitasından çıxıb. Hər ikisi mafioz üsullarla idarə edilir, insanlıq və insan haqlarına nifrət üzərində bərqərar olub. Hər ikisinin də aqibəti eyni olacaq”, siyasi şərhçi qeyd edib.

Tarix elmləri doktoru Elmira Muradəliyeva yazıb ki, Harvard Universitetinin məzunu, geniş beynəlxalq əlaqələri olan tanınmış ictimai fəal Bəxtiyar Hacıyev “xuliqanlıq” maddəsilə həbs olunub.

“Ona 1 ay 20 gün həbs cəzası kəsilib. Bu cəza onun ictimai-siyasi fəaliyyəti, tənqidi yazıları və çıxışları ilə baglıdır. Bəxtiyar bəy dövləti quran şüurlu vətəndaşdır, 44 günlük müharibədə onun fəaliyyəti əvəzsiz olub. Belə həbslər dövlətçiliyimizə böyük zərbədir”, tarix elmləri doktoru bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Flipp Berkli 10 dekabr-İnsan Hüquqları Gününə həsr olunmuş qəbulda deyib ki, Tofiq Yaqublunun döyülməsi, Aytən Məmmədovanın evinə gedərkən hücuma məruz qalması və İnsan Hüquqları Müdafiəçisi Bəxtiyar Hacıyevin dekabrın 9-da həbsi “bizi çox sarsıtdı. Bu hadisələr onu göstərir ki, daha çox azadlığın və daha çox hörmətin təmin olunmasına ehtiyac var”.

Böyük Britaniya Azərbaycandakı səfirinin müavini Flipp Berkli
Böyük Britaniya Azərbaycandakı səfirinin müavini Flipp Berkli

“Jurnalist Əvəz Hafizlinin qəddar şəkildə qətlə yetirilməsi də bizə göstərdi ki, LGBT fərdləri təhlükəsiz deyillər. Biz bu çətin məsələlərdə Azərbaycanla işləmək istəyirik. Böyük Britaniya hökuməti həmçinin İkinci Qarabağ Müharibəsi bitəndən bu yana mina qurbanlarının sayının 260 nəfəri keçməsindən çox narahatdır. Böyük Britaniya ekspertləri qaytarılmış ərazilərin minalardan təmizlənmə prosesində iştirak edir. İnsanların tez bir şəkildə öz doğma yurdlarına qayıtması üçün mina probleminin həllinə dəstək verməyə davam edəcəyik,” o qeyd edib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Müstəqil Ekspertlər Qrupunun üzvü, iqtisadçı Samir Əliyev Bəxtiyar Hacıyevin həbsini qətiyyətlə pisləyib və onun tezliklə azadlığa çıxacağına ümid edir.

“Dünyanın bizə qarşı haqsızlıq etdiyini iddia ediriksə, gərək öz vətəndaşlarımıza haqsızlıq etməyək”, o qeyd edib.

Bəxtiyar Hacıyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqadakı İllik Assambleyasında (Mənbə Samir Əliyevin facebook profili)
Bəxtiyar Hacıyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqadakı İllik Assambleyasında (Mənbə Samir Əliyevin facebook profili)

Samir Əliyev Facebook səhifəsində 3 gün öncə Avropa ittifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən İllik Assambleyasında iştirakçıların fotosunu təqdim edib. Orada Bəxtiyar Hacıyev də var.

Beynəlxalq təşkilat olan Amnesty International da hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbsini pisləyib.

Amnesty International Bəxtiyar Hacıyevi dərhal azadlığa buraxılmağa çağırır.

“Azərbaycanın keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev yenidən həbs edilib. Onu siyasi motivli ittihamlarla üç ilə qədər həbs gözləyir. O, dərhal azadlığa buraxılmalı və ədalətli mühakimə olunmalıdır”-Amnestypress Twitter hesabında bildirib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabda “İnsan Hüquqları Günü ərəfəsində Bəxtiyar Hacıyevin həbsi və saxlanması bizi çox narahat edir. Biz hakimiyyət orqanlarını onu tez bir zamanda azad etməyə çağırırıq. Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz yenə də hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc yolla fikirlərini ifadə etmək hüququna hörmət etməyə çağırırıq” deyə bildirib.

Avropa İttifaqı da xuliqanlıq ittihamı ilə həbs edilən Bəxtiyar Hacıyevin həbsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.

Bu barədə Avropa İttifaqının xarici işlər sözçüsü Peter Stano Twitterdə dekabrın 10-da paylaşım edib.

"Aİ Azərbaycan hakimiyyət orqanlarını onun işi üzrə şəffaf və qərəzsiz araşdırmanı təmin etməyə çağırır," o yazıb.

Azərbaycanın hökumət rəsmiləri Bəxtiyar Hacıyevin həbsi ilə bağlı hələ şərh verməyib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Barəsində qətimkan tədbiri seçilmək üçün dekabrın 9-da məhkəməyə göndərilib.

Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa ittifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən İllik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

XS
SM
MD
LG