Accessibility links

Vətəndaş cəmiyyəti fəalları Bəxtiyar Hacıyevin həbsini milli maraqlara zidd hesab edir


Hacıyev Bəxtiyar (Arxiv foto, mənbə VOA)
Hacıyev Bəxtiyar (Arxiv foto, mənbə VOA)

“Bəxtiyar Hacıyevin həbsdə saxlanılması, aclıq aksiyası keçirməsi, sağlamlığına təhlükənin yaranması, ölkəmizin firavan gələcəyini arzulayan bizləri ciddi narahat edir. Biz, sivil toplum nümayəndələri Bəxtiyar Hacıyevi aclığı dayandırmağa, hökuməti isə Hacıyevin barəsində çıxarılan ədalətsiz qərarı ləğv etməyə çağırırq. Onun azad edilməsi ölkəmizin firavan, mütərəqqi gələcəyi naminə ən başlıca addımlardan olardı.”

Bu barədə bir qrup vətəndaş cəmiyyəti fəallarının bəyanatında deyilir.

Vətəndaş cəmiyyəti fəalları Bakı şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılan, Bakının Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətində həbs qətimkan tədbiri seçilən ictimai fəalın həbsxanada aclıq etməsindən dərin narahatlıq bildirib.

“İşin ictimaiyyətə bəlli olan hallarına baxdıqda Hacıyev zərərçəkən olduğu halda ona cinayətkar kimi yanaşılması, barəsində həbs tədbirinin seçilməsi qanunvericiliyə, hüquqa kobud müdaxilə kimi görünür. İctimaiyyət bu həbsin siyasi motivli olması ilə bağlı yekdil qənaətdədir. Bəxtiyar Hacıyev bu ədalətsiz qərara etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyasına başlayıb və 6 gündür davam edən aclıq aksiyası onun sağlamlığını təhlükəyə atır,” sənəddə qeyd edilir.

Vətəndaş cəmiyyəti fəalları hesab edir ki, beynəlxalq ictimaiyyətin diqqətinin daha çox Qarabağ probleminin həllinə, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlar prosesinə, İranla münasibətlərin pisləşməsinə yönəldiyi bir vaxtda ictimai fəalın həbsdə saxlanılması daxili gərginliyə səbəb ola bilər və bu addım ölkənin milli maraqlarına ziddir.

“Siyasi təzyiq vasitəsi kimi təqsirsiz insanların həbsi praktikasını daxili siyasi gərginliyin əsas mənbəyi sayırıq”, sənəddə qeyd edilir.

Bəyanatı vətəndaş cəmiyyəti fəalları Nəsimi Məmmədli, Xalid Ağaliyev, Mehman Əliyev, Ələsgər Əhmədoğlu, Kamran Mahmudov, Rövşən Ağayev, Azər Mehdiyev, Seymur Kazımov, Namiq Abdullayev, İlham Hüseyinli imzalayıb.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 6 gündür aksiyanı davam etdirir. Dekabrın 20-də isə Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.

Mövzuya uyğun

XS
SM
MD
LG