Accessibility links

Tofiq Yaqublunun aclıq aksiyası genişlənir


Aclıq edən Seymur Əhmədsoy , Maya Yaqublu və Elnur Quliyev (Fotonu Maya Yaqublu təqdim edib)
Aclıq edən Seymur Əhmədsoy , Maya Yaqublu və Elnur Quliyev (Fotonu Maya Yaqublu təqdim edib)

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun yanvarın 5-də başladığı aclıq aksiyası genişlənməkdədir. Aksiyaya daha üç nəfər qoşulub.

Vəkil Nemət Kərimli yanvarın 8-də Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində Tofiq Yaqublu ilə görüşüb. O bildirib ki, Yaqublu 5 gündür aclığı davam etdirir.

“Tofiq Yaqublu kifayət qədər arıqlayıb, halsızdır, solğun görünür. Aclıqdan əvvəl də ona yeməklərin qəbuluna qadağa qoyulmuşdu. Yalnız peçenye qəbul edirdilər. Oradakı yeməklər də keyfiyyətsiz olduğundan normal qidalana bilmirdi”, o qeyd edib.

Tofiq Yaqublu vəkilinə bildirib ki, sonadək mübarizəsini davam etdirəcək.

Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu aclığa başladığını bildirib.

Vəkil Nemət Kərimli: Tofiq Yaqublu kifayət qədər arıqlayıb, halsızdır, solğun görünür
please wait

No media source currently available

0:00 0:01:01 0:00

Maya Yaqublu yanvarın 8-də Amerikanın Səsinə deyib ki, Tofiq Yaqubluya dəstək məqsədi ilə dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin əməkdaşı Seymur Əhmədsoy və AXCP fəalı Elnur Quliyev onların yaşadığı evə gələrək aclıq aksiyasına qoşulub.

“Aclıq aksiyasına qoşulmaq üçün çoxsaylı insanlar müraciət edib. Onlar Müsavat Partiyasının qərargahında aclığa başlayacaqlarını bildirib. Həmçinin ölkənin regionlarından da fəallar aclıq aksiyasına qoşulacağını bildirib”, Maya Yaqublu Amerikanın Səsinə deyib.

AXCP sədri Əli Kərinli bildirib ki, ölkənin mübariz insanları Tofiq Yaqublunun məhv edilməsinə seyrçi qalmayacaq.

“Etiraz hərəkatı genişlənəcək və bütün ölkə Tofiq bəyə azadlıq tələb edəcək. İlham Əliyev də bilməlidir ki, Tofiq Yaqublunun həyatına görə şəxsən məsuliyyət daşıyır. Tofiq Yaqubludan əl çəkin!” o Facebook səhifəsində qeyd edib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

XS
SM
MD
LG