Milli Şuranın funksioneri, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati qaydada həbsi ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
Bu barədə vəkil Nemət Kərimli dekabrın 26-da Daxili İşlər Nazirliynin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Tofiq Yaqublu ilə görüşündən sonra Amerikanın Səsinə bildirib.
“Tofiq Yaqublu bildirdi ki, ona qarşı işgəncə halı olmayıb, səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur”, Kərimli qeyd edib.
Dekabrın 23-də Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymtələndirib. Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiya ilə bağlı həbs edilən yeganə şəxsdir.