Accessibility links

İnzibati həbsdə olan Tofiq Yaqublu aclıq elan edib


Tofiq Yaqublu Səbail Rayon Məhkəməsində. Bakı. 23 dekabr, 2022
Tofiq Yaqublu Səbail Rayon Məhkəməsində. Bakı. 23 dekabr, 2022

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü, hazırda inzibati həbsdə olan Tofiq Yaqublunun həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Məhkəmə Səbail Rayon Məhkəməsinin onun barəsində 30 sutka inzibati həbs cəzası qərarını qüvvədə saxlayıb. Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib:

"Tofiq Yaqublu aclıq elan etdi. O, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan edib".

Nigar Həzi qeyd edib ki, Tofiq Yaqublu verdiyi qərarlarda çox prinsipial olduğunu dəfələrlə sübut edib, lakin onun sağlamlığında ciddi problemlər var.

"Eyni zamanda öd kisəsi əməliyyat zamanı götürülüb. İndiki aclıq artıq əvvəlkilər kimi olmayacaq. Səhhətində gün keçdikcə geridönməz hallar baş verəcək. Tofiq Yaqublunun başına gələcək hər şeyə görə İlham Əliyev və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, eləcə də Vilayət Eyvazov məsuliyyət daşıyır"- deyə, Tofiq Yaqublunun qızı bildirib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

Bəxtiyar Hacıyev isə ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

XS
SM
MD
LG