Accessibility links

Məhkəmə Bəxtiyar Hacıyevin apellyasiya şikayətini təmin etməyib


Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığının təmin edilməməsi barədə apellyasiya şikayətinə baxılıb. 23 dekabr, 2022.
Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığının təmin edilməməsi barədə apellyasiya şikayətinə baxılıb. 23 dekabr, 2022.

Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin ev dustaqlığının təmin edilməməsi barədə verilmiş apellyasiya şikayətinə baxılıb.

Fəalın vəkili Aqil Layıcın məlumatına görə Bəxtiyar Hacıyev artıq 9 gündür ki, həbsinə etiraz olaraq aclıq aksiyasına davam edir:

“Artıq onun üçün kritik dövrdür. Hesab edirəm ki, o azadlığa buraxılmalıdır. Bəxtiyar Hacıyev məhkəmədə bildirdi ki, bu hüquqi prosedur deyil, məhkəmədə veriləcək qərar onun fəaliyyəti ilə bağlıdır. Hazırda saxlanılma şəraiti ilə bağlı hər hansı problemin olmadığını qeyd etdi”.

Vəkilin sözlərinə görə onlar aidiyyəti qurumlardan Bəxtiyar Hacıyevin Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürülməsini üçün müraciət ediblər.

Fəalın digər vəkili Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığının təmin edilməməsi barədə apellyasiya şikayətinə baxılıb. 23 dekabr, 2022.
Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığının təmin edilməməsi barədə apellyasiya şikayətinə baxılıb. 23 dekabr, 2022.

“Bəxtiyar Hacıyevin hərarəti yüksəlib və özünün məlumatına görə, o, 5 kiloqram çəki itirib. O kamerada tək saxlanılır, onun evlə telefon danışıqlarına məhdudiyyət qoyulub, görüşə icazə verilmir. Bəxtiyar Hacıyev qeyri-insani rəftara məruz qalır. Hesab edirik ki, onun həbsi siyasidir və ictimai fəaliyyəti ilə bağlıdır”, Mehdiyev bildirib.

Bakı Apellyasiya Məhkəməsinin önünə çoxsaylı polis cəlb edilib. "Demokratiya 1918" Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədov, hərəkatın Baş Katibi Samir Sultanov, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Emin Maniyev saxlanılıb.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.

Bəxtiyar Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib. Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.

XS
SM
MD
LG