Accessibility links

Tofiq Yaqublunun qızı: “Qorxdular ki, ona nəsə ola bilər, ölə bilər, məsuliyyətdən yayınmaq üçün dövlət xəstəxanasına yerləşdiriblər”


“Qorxdular ki, ona nəsə ola bilər, ölə bilər, məsuliyyətdən yayınmaq üçün dövlət xəstəxanasına yerləşdiriblər”
please wait

No media source currently available

0:00 0:04:34 0:00

İnzibati həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu yanvarın 11-də Əjdər Məlikov adına 6 saylı xəstəxanaya yerləşdirilib. Bu barədə Amerikanın Səsinə onun qızı Nigar Həzi məlumat verib.

Tofiq Yaqublu yanvarın 5-dən saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Siyasətçinin məntəqədəki qidaların keyfiyyətsizliyinə və sovqatların qəbul edilməməsinə etiraz olaraq aclığa başladığı bildirilir.

Nigar Həzi deyir ki, xəstəxanaya köçürülməsinə baxmayaraq, o, aclığı davam etdirir.

Onun sözlərinə görə, yanvarın 11-də günorta saatlarında həkim Adil Qeybulla və vəkil Nemət Kərimlinin təxridxanada Tofiq Yaqublunu ziyarət etməsinə şərait yaradılıb:

“Hazırda Tofiq Yaqublunun səhhəti kritik vəziyyətdədir. Mən bildiyim qədəriylə bu, onun ən azı üçüncü aclığıdır. Vəziyyəti bundan öncəki aclığından da kritikdir və daha çox arıqlayıb. Həkim Adil Qeybulla mənə bildirdi ki, qanında o qədər tromplaşma var ki, ona çətinliklə sistem köçürülüb. Artıq ayaqyoluna belə özü gedə bilmir”.

Qızı deyir ki, onlar Tofiq Yaqublunun dövlət xəstəxanasında deyil, həkim Adil Qeybullanın müşayiətində olan xəstəxanaya köçürülməsini tələb ediblər, buna baxmayaraq atası başqa xəstəxanaya köçürülüb.

“Tofiq Yaqublunu bu hala sürükləyən dövlət qurumu özəl klinikada, Adil Qeybullanın müşayiəti altında olması üçün xərcləri qarşılamaqdan imtina edir. Həm Tofiq Yaqublunu bu hala salırlar, həm qida vermirlər, həm də buna etiraz edən və tələblər irəli sürən atamın vəziyyəti kritikləşib deyə, qorxdular ki, ona orada hər an nəsə ola bilər, ölə bilər. Onlar məsuliyyətdən yayınmaq üçün dövlət xəstəxanasına yerləşdiriblər”, deyə Nigar Həzi bildirib.

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərov Daxili İşlər Nazirliyini “məsuliyyətli olmağa” çağırıb:

“Bir halda ki, Tofiq Yaqublunun saxlanması, inzibati qaydada təqib olunması Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən həyata keçirilib, indiki halda da onun həyat və sağlamlığı üçün məsul olan dairə məhz Daxili İşlər Nazirliyidir. Əslində Tofiq bəy saxlanıldığı gündən bəri yarım aclıqdadır, mən bildiyimə görə az miqdarda çörək və peçenye ilə qidalanırmış, son 7 gündə isə ümumiyyətlə qidadan imtina edib. Bu isə onun vəziyyətinin kritik olmasından xəbər verir”.

Tofiq Yaqublu xəstəxanaya köçürüldükdən sonra vəkil Aqil Layıc onunla görüşə buraxılıb. Vəkil bildirib ki, siyasətçi hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

“Vəziyyəti kifayət qədər kritikdir. Vəkili, eyni zamanda vətəndaş olaraq Tofiq bəyin səhhəti mənim üçün vacibdir. Ümid edirik ki, onun barəsində “dövlət ağlına” əsasən qərar qəbul olunacaq. Hər kəs bilir ki, o inzibati xəta törətməyib, törətmədiyi inzibati xətaya görə insanları azadlıqdan məhrum etmək olmaz”, deyə vəkil bildirib.

Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi ilə bağlı məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanvarın 11-də həkim Adil Qeybulla İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhətiylə siyasətçi ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Onun müalicəsininin xəstəxanada və ya təcridxanada davam etdiriləcəyi ilə bağlı qərarın tibbi müayinənin nəticəsindən asılı olaraq veriləcəyi bildirilib.

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu isə yanvarın 7-dən ona dəstək olaraq, başladığı aclıq aksiyasını davam etdirir. Yanvarın 10-da axşam saatlarında onun vəziyyəti pisləşib, təcili tibbi yardım çağrılıb. Buna baxmayaraq, Maya Yaqublu aclığı dayandırmayıb.

Həmçinin, Müsavat Partiyasının üzvü Əziz Məmiyev və 13 AXCP üzvü də Tofiq Yaqubluya dəstək məqsədi ilə başladıqları aclığı davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar "şəxsi mülahizə"dir və saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır.

Tofiq Yaqublu dekabrın 23-də insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq" tələbi ilə keçirilən aksiyadan sonra həbs olunan yeganə şəxsdir.

XS
SM
MD
LG