Accessibility links

Rüfət Səfərov: İctimai fəal Bəxtiyar Hacıyev 13 gündür aclığı davam etdirir


Hacıyev Bəxtiyar ( foto mənbə VOA)
Hacıyev Bəxtiyar ( foto mənbə VOA)

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 13 gündür aclığı davam etdirir.

Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, dekabrın 27-də Bəxtiyar Hacıyevin vəkili Fəxrəddin Mehdiyev onunla görüşüb.

Hüquq müdafiəçisi deyib ki, Bəxtiyar Hacıyev vəkillə görüşdə ötən gecə saat 3-də sağ qolunda keyləşmə əlamətləri müşahidə olunduğunu qeyd edib. Qanda şəkərin miqdarı koma vəziyyətinə düşmə həddinə kimi azalıb. Qan təzyiqi də kəskin aşağı düşüb.

Hüquq müdafiəçisi deyib ki, Bəxtiyar Hacıyevın sağlamlığında kritik anlar yaşanmaq üzrədir.

Bundan başqa hüquq müdafiəçisi bildirib ki, dekabrın 27-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimləri və müstəqil həkim, tibb elmlər doktoru Adil Qeybulla ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Öz növbəsində müstəqil həkim, tibb elmlər doktoru Adil Qeybulla Amerikanın Səsinə Bəxtiyar Hacıyevlə görüşdüyünü bildirib.

Onun sözlərinə görə, görüş Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində olub.

"Bu gün saat 12.30-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevlə görüşdüm. Görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən icazə verilmişdi. Müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı. Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70 vv.c.st., nəbzi 80, şəkəri 5 mmol/l. Çəkisi 77.5 kiloqramdır. Huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur. Ona aclıq aksiyasının dayandırmağı tövsiyə edildi. Əlavə dəstək müalicəsi kimi su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edildi (NaCl 0.9%-400 ml, Panangin 10 ml, vitamin B1, B6, B12, C, Ringer-lokk 500 ml). 2 saat müddətində infuziya aparıldı və söhbət etdik. Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salamlar söylədi" , o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev həkim nəzarəti altındadır, səhhəti normaldır.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs-qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq" , Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.

XS
SM
MD
LG