İran Azərbaycanının Zəncan şəhərindən olan idmançı Mina Əlixani İranda ümummilli etirazlarla əlaqədar 1 il həbs və 74 şallaq cəzasına məhkum edilib. Verilən hökmün vilayətin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqləndiyi bildirilir.
Bu barədə İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Bu hökm onun İranda ümummilli etirazlar zamanı həbsi ilə bağlı verilib.
Bu xəbərə görə, Zəncanlı alpinist Mina Əlixaninin ilkin mühakiməsi Zəncan Cinayət Məhkəməsinin 107 saylı şöbəsində keçirilib. Hakim Məhəmməd Mehdi Məhəmmədi onu "ictimai asayişi pozmaq" ittihamı ilə günahkar tanıyıb.
Mina Əlixani İnstaqram səhifəsində məhkəmənin hökmünü ədalətsiz hesab edib və hakimi tənqid edib.
İranda üç aydan artıqdır davam edən ümummilli etiraz aksiyalarında təhlükəsizlik qüvvələri tərəfindən "üsyançı" damğası ilə həbs edilən etirazçılar, məhkəmələrdə təhlükəsizlik ittihamları ilə üzləşir və ağır cəzalara məhkum edilir.
22 yaşlı Məhsa Əmini hicab qaydalarını pozduğu iddiası ilə İranın əxlaq polisi tərəfindən həbs edildikdən üç gün sonra sentyabrın 16-da vəfat edib. Gənc qadının ölümündən sonra ümummilli etiraz dalğası ölkəni bürüyüb. Bəzi müşahidəçilər etirazçıların səsləndirdiyi şüarlara əsaslanaraq, İrandakı son etirazların xarakterini əvvəlki etirazlardan fərqli hesab edir.