Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 12 gündür aclığı davam etdirir.
Dekabrın 26-da vəkil Şəhla Hümbətova 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə deyib ki, Hacıyev 12 gündür aclığı davam etdirir.
“Bəxtiyar Hacıyevin səhhəti pisdir, zəifdir. O dedi ki, başı gicəllənir, müvazinətini itirir. Zəif görünürdü.”
Vəkilin sözlərinə görə, həkim nəzarəti var.
“Həkim hər səhər qan təzyiqini ölçür, qan analizi götürür. Çəkisini çəkir. Bəzən axşamlar da müayinə edir. Çəkisi 6,5 kiloqram azalıb. Təcridxanaya daxil olanda çəkisi 84,5 kiloqram olub, bu gün səhər 78 kiloqram olub. Qan təzyiqi 90/60, nəbzi 78-dir”.
Hümbətova deyib ki, Bəxtiyar Hacıyev həbsinə daha sərt reaksiyalar gözləyir.
“O dedi ki, özünə qarşı qanunsuzluqlara, özbaşınalığa yerli cəmiyyətdən, beynəlxalq təşkilatlardan, Azərbaycandakı səfirliklərdən daha sərt reaksiyalar gözləyir. Amma mən belə başa düşdüm ki, bu hələ baş vermir. REAL TV-də Mirşahinin verilişində həm Bəxtiyar Hacıyev, həm də onu müdafiə edənlər barədə xoşagəlməz ifadələr səsləndirilib. Hacıyev dedi ki, belə görünür ki, hakimiyyətin onu azad etmək fikri yoxdur. Yəni özbaşınalığı, qanunsuzluğu dayandırmaq fikri yoxdur. Elə isə hər an quru aclığa başlaya bilər. İndi o, qida qəbul etmir, amma su içir. Dedi ki, əgər hökumət elədiyindən dönmürsə o da hər an quru aclığa keçə bilər və sonadək davam edə bilər. Mən ona dostlarının, tanışlarının, narahat olanların aclığı dayandırmaq barədə xahişini çatdırdım. O qəti olaraq imtina etdi və dedi ki, sona qədər aclığı davam etdirəcək. Belə gedərsə quru aclığa başlayacaq və onun üçün başqa yol yoxdur,” vəkil Amerikanın Səsinə müsahibəsində deyib.
Öz növbəsində, Penitensiar Xidmətin İctmiayyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev həkim nəzarəti altındadır, səhhəti normaldır.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 12gündür aksiyanı davam etdirir.
Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Appelyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.
Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.
Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.
ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.
“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.