Accessibility links

HRW: Azərbaycanda insan hüquqlarının vəziyyəti 2022-ci ildə yaxşılaşmayıb


Azərbaycanda insan hüquqlarının vəziyyəti 2022-ci ildə yaxşılaşmayıb.

Bu barədə "Human Rights Watch" insan haqları təşkilatı yanvarın 12-də açıqladığı illik hesabatında bildirir.

"Mayda hakimiyyət siyasi motivli və saxta ittihamlarla saxlanmış 20-dən çox şəxsi azad etsə də, azı 30 şəxs həbsdə qalır. Hakimiyyət tənqidçilərini və digər narazı səsləri hədəfə almaqdadır" , hesabatda qeyd edilir.

Hesabatda deyilir ki, məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının (QHT-lər) müstəqil fəaliyyətinə maneələr törədir. Digər davamlı insan haqları pozuntuları sırasına sistematik işgəncə, saxlanma zamanı pis rəftar iddiaları, media azadlıqlarına məhdudiyyətlər daxildir.

Bundan əlavə HRW hesabatında 2022-ci ilin iyulunda, Rusiyanın Ukraynaya qarşı işğalının yaratdığı enerji böhranı fonunda Avropa İttifaqının (Aİ) Azərbaycanla enerji sazişi imzalamasını xatırladıb.

"Məqsəd ölkənin Avropaya qaz ixracını artırmaq idi. Aİ geniş ikitərəfli razılaşma üzrə danışıqlardan insan haqlarının yaxışlaşdırılmasına təminat almaq üçün yararlanmadı" , hesabatda deyilir.

HRW hesabatında ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında baş vermiş insidentdən də yazıb.

Təşkilat qeyd edir ki, həqiqiliyini təsdiqlədiyi bir videoda azı yeddi erməni əsgəri Azərbaycan qüvvələri tərəfindən qanunsuz edam olunub.

Azərbaycan həmin videonun araşdırıldığını açıqlamışdı.

Oktyabrın əvvəlində Azərbaycanın Baş Prokurorluğu faktla bağlı ibtidai istintaq aparıldığını açıqlayaraq bildirib ki, hadisədə iştirak etdiyi iddia olunan şəxslərin, hərbi qulluqçuların təqsiri sübuta yetirilərsə, cinayət məsuliyyəti məsələsi həll oluna bilər.

"Ermənistan azı 30 erməni hərbi əsirin və 3 dinc sakinin 2022-ci ilin oktyabrınadək Azərbaycan əsirliyində olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə bu şəxsləri hərbi əsirlər kimi tanımır, onlara terrorçuluq, qanunsuz silah saxlamaq, sərhədi qanunsuz keçmə, 1990-cı illər müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermə ittihamları irəli sürüb", hesabatda bildirilir.

HRW hesabatında Azərbaycanda insan haqlarının vəziyyətini şərh edərkən siyasi müxalifəti və digər tənqidçiləri təqiblərini də qeyd edib.

"May ayında prezidentin əfv fərmanı ilə azad edilənlər arasında bəzi siyasi fəallar da var. Onların arasında müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tanınmış üzvləri, 2019-cu ildə saxta pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş Saleh Rüstəmli və 2020-ci ildə saxta narkotik ittihamı ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilən Paşa Umudov da var.

Həmçinin may ayında AXCP fəalı, Rüstəmlinin müttəhimi Aqil Məhərrəmov saxta pulların yuyulmasında ittiham olunaraq 4 il həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılıb. Yanvar ayında 2020-ci ildə diffamasiya ittihamı ilə məhkum olunmuş AXCP-nin böyük siyasətçisi Əlizamin Salayev amnistiyaya edilərək azadlığa buraxılıb.

Hakimiyyət hökuməti tənqid edən siyasi fəalları həbs etmək üçün saxta narkotik ittihamlarından istifadə etməyə davam etdi. Bir çox hallarda onlar polis nəzarətində pis rəftara məruz qaldıqlarını bildirdilər, səlahiyyətlilər bu iddiaları rədd etdi" - deyə, hesabatda qeyd edilib.

Bundan başqa təşkilat hesabatında Xural TV-nin rəhbəri Əvəz Zeynallının, vəkil Elçin Sadıqovun həbslərini də xatırladıb.

HRW mayda tanınmış jurnalist, AzadlıqRadiosunun ştatdankənar müxbiri Aytən Məmmədovanın yaşadığı binanın liftində naməlum şəxsin bıçaqlı hücumuna məruz qaldığını yada salır.

Hesabatda qeyd edilir ki, Məmmədova inanır ki, təhdid olunmasının məqsədi onu ölkədə rezonans doğurmuş uşaq qətli işi haqda yazmaqdan çəkindirmək olub. İş üzrə şübhəli hələ də müəyyənləşdirilməyib.

Qurum saxlanma yerlərində işgəncə və pis rəftarla bağlı şikayətlərin bir qayda olaraq araşdırılmadığını qeyd edir.

"Məsələn, yanvarda prokurorluq müxalifət fəalı Tofiq Yaqublunun 2021-ci ilin dekabrında saxlanarkən bərk döyülməsi üzrə təhqiqat başlatmaqdan imtina, Yaqublunun "özünə xəsarət yetirdiyini" iddia edib.

Yaxud apreldə maskalı şəxslər tanınmış ictimai fəal Bəxtiyar Hacıyevi oğurlayıb, gözübağlı vəziyyətdə döyüb, daxili işlər nazirinə qarşı açıq tənqidi dayandırmazsa, ölümlə hədələyiblər. Hacıyev məsələni ictimailəşdirəndən sonra Daxili işlər naziri Vilayət Eyvazov onunla görüşüb, cinayət işi başlanıb, ancaq şübhəlilər hələ də müəyyənləşdirilməyib" hesabatda vurğulanıb.

Bir müddət əvvəl dekabrın 10-da Beynəlxalq İnsan Haqlarının Müdafiəsi günü ilə bağlı millət vəkili Zahid Oruc Amerikanın Səsinə müsahibə verib. O, müsahibəsində beynəlxalq təşkilatların Azərbaycanla bağlı yayılan əvvəlki hesabatlara da münasibət bildirib.

"Bu yöndə beynəlxalq hesabatlara ikili münasibətimiz var. Onlardan bir qismi xarici siyasət alətləridir. Lakin ikinci hissəsində bir sıra məsələlərə münasibətdə dövlət hakimiyyət orqanları ilə yenidən dialoq mühitinə ehtiyac var ki, bu konfrantasiya ortadan qalxsın. Azərbaycanı yalnız qara rəngdə göstərmək praktikasına son qoyulsun. Amma eyni zamanda hüquq-mühafizə, istintaq, fikir azadlığı, kütləvi toplaşmaq, media azadlığı sahəsindəki problemləri də biz aradan qaldıra bilək. Bunların hamısı insanlarımız üçün gərəkdir. Biz tədbirlərimizin ikinci, üçüncü, dördünücü səviyyədə, xarici aləmdə rəy alması üçün çalışmamalıyıq. Əlbəttə, beynəlxalq aləmdə bizimlə bağlı formalaşan rəylər əhəmiyyət daşıyır. Mən komitə sədri kimi bundan öncəki çıxışlarımda da, parlamentdəki mövqeyimdə də bu məsələyə ayrıca yer vermişəm. Human Rights Watch, Amnesty International və digər qurumlara bizim münasibətimizə baxmayaraq, fakt faktlığında qalır ki, bir sıra dövlətlər məhz onların rəyləri əsasında hərəkət etməyə çalışırlar. Biz Qarabağ davasında ərazi bütövlüyümüzü məhz beynəlxalq rəyin bizim tərəfimizdə olamsı fonunda qazandıq. Deməli bu istiqamətdə görüləcək işlərimiz var. Bu inkaredilməzdir" o, qeyd edib.

Xatırlatma

Azərbaycan rəsmiləri bu hesabata hələ ki, münasibət bildirməyib. Aidiyyatı orqanlardan bu hesabatla bağlı Amerikanın Səsi şərh ala bilməyib.

Amma rəsmi Bakı Azərbaycanda fundamental azadlıqların, o cümlədən söz və mətbuat, birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olmadığını, fərdlərin konkret ittihamlarla mühakimə olunaraq həbs edildiyini bildirir. Bundan əlavə işgəncə və qeyti-insani rəftar barədə məlumatları da hüquq mühafizə orqanları bir qayda olaraq qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG