Accessibility links

Bəxtiyar Hacıyev həbsxanadan açıqlama verib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Dekabrın 27-də insan haqları fəalı Bəxtiyar Hacıyev "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının vasitəsiylə şəxsi Facebook hesabından yayılmış video ilə bağlı həbsxanadan açıqlama yayıb. Fəal qeyd edib ki, yazışma kibercinayətkarlıqla hüquq-mühafizə orqanları tərəfindən yayılıb, lakin bu yazışmaların onun həbsi ilə əlaqəsi yoxdur:

"Əvvəllər həm mətbuatda, həm də sosial şəbəkələrdə dəfələrlə açıqladığım kimi 2019-cu ilin əvvəlində prezident İlham Əliyevin təşəbbüsü ilə mənimlə əlaqə qurulub, mənə bildirilib ki, Əliyev islahatlara başlayacaq, bu prosesdə mənim də yeni komandada hər hansı bir qurumda təmsil olunmağımı istədiyi bildirilib. Danışıqların aparılması Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova həvalə olundu. Onunla dəfələrlə görüşlərimiz olub, bu müddətdə məndən öncəki ictimai-siyasi problemlər və onların həll yolları barədə təkliflər istəyiblər".

Bəxtiyar Hacıyevin sözlərinə görə, daha sonra danışıqların aparılması DTX rəisi Əli Nağıyevə həvalə edilib.

"Danışıqlar prosesində bu istiqamətdə mümkün 5 təklif istənilib. Mən bir neçə sahədə özümü ictimai faydalı, ölkənin gələcəyinə müsbət töhfəsi ola biləcək 4 istiqamətdə təkliflərimi verib, sonuncu hissəni boş buraxmışam ki, prezident, həqiqətən, islahatlara gedəcəksə və məni, həqiqətən də hərhansı bir posta təyin etmək istəyirsə, 5-ci təklifi özü versin" - deyə, fəalın açıqlamasında qeyd olunub.

Bəxtiyar Hacıyev bildirib ki, bu proses uzandığına, nəticəsiz qaldığına görə öz təşəbbüsü ilə danışıqları dayandırdığını bildirib və 2020-ci ildə parlament seçkilərində iştirak edib:

"Bu zaman da prezidentin səs verdiyi dairədə namizədliyimi irəli sürərək prezidentin öz səs verdiyi dairədə də saxtalaşdırmaya gediləcəyi halda mənim üçün islahat mərhələsinin arxada qalacağını, bunun növbəti imitasiya olacağını demişəm. Qeyd etdiyim kimi bu danışıqlarla bağlı əvvəllər dəfələrlə həm mətbuatda, həm də sosial şəbəkə hesablarında məlumat vermişəm".

Fəal açıqlamasında qeyd edib ki, ona verilən məlumat əsasında paylaşılan yazışmalarda real hissələr olduğu kimi onu nüfuzdan salmaq, ayrı-ayrı şəxslərlə konflikt yaratmaq üçün xeyli saxta əlavələr də edilib.

"Bunu edən hüquq-mühafizə orqanı eyni sadə üsulla 2021-ci il ərzində mənim adımdan iki fərqli belə saxta yazışma yayıb. Sonradan həmin yazışmaların saxta olması sübut olunub" - deyə, Hacıyev qeyd edib.

Fəal yazışmaların stenoqramı təqdim ediləndən sonra əlavə açıqlama yayacağını bildirib:

"Hazırda hüquq-mühafizə orqanının kibercinayət yolu ilə mənim adımdan saxta ifadələrin əlavə edildiyi yazışma yayması ittiham edilərək həbs olunduğum, görüş və telefon qadağasının tətbiq edildiyi cinayət işinə heç bir haqq qazandırmır. Görünən odur ki, həbsimin sifarişçisi və icraçıları təkcə məni azadlıqdan məhrum etməklə, görüş və telefon qadağası qoyaraq məni cəmiyyətdən təcrid etməklə, müdafiəsiz qoymaqla kifayətlənmir, eyni zamanda dəfələrlə cəmiyyətə məlumat verdiyim məsələlərə saxta əlavələr etməklə məni, həm nüfuzdan salmaq, həm də ayrı-ayrı ictimai-siyasi şəxslərlə üzə-üzə qoymağa, konflikt yaratmağa çalışırlar".

Bəxtiyar Hacıyevin Facebook hesabından yayılmış video ilə bağlı hüquq-mühafizə orqanları rəsmi açıqlama verməyib. Yazışmalarda iddia olunur ki, Bəxtiyar Hacıyev Fövqəladə Hallar Naziri Kamaləddin Heydərovla əməkdaşlıq edib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.

Bəxtiyar Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

XS
SM
MD
LG