Accessibility links

Maya Yaqublu: Nə qədər bizim ailəyə hücum olunsun, nə qədər şərləmək olar?


Maya Yaqublu
Maya Yaqublu

İnzibati həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu yanvarın 5-dən saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu da aclığa başladığını bildirib.

“Nə qədər bizim ailəyə hücum olunsun? Nə qədər bizim ailəyə təhdid olunsun? Nə qədər mənim yoldaşım döyülsün, nə qədər şərlənmək olar, nə qədər tutdurmaq olar?” Maya Yaqublu Amerikanın Səsinə müsahibədə deyib.

Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində olan Tofiq Yaqublu yanvarın 5-dən aclıq aksiyasına başlayıb. Siyasətçinin məntəqədəki qidaların keyfiyyətsizliyinə və sovqatların qəbul edilməməsinə etiraz olaraq aclığa aksiyasına başladığı bildirilir.

Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu da aclığa başladığını bildirib. O bu addımı Tofiq Yaqublu ilə təcridxanadakı görüşündən sonra atdığını deyib:

“Şərləyirsən, tutursan, içəri salırsan, amma bütün qanunlara əməl etməlisən. Əvvəla, səhv edirsən şərlənmə ilə tutulur, sonra isə sən məhbusu normal qidalandırmalısan. Tofiq Yaqublu tək özünə görə eləmir. Tofiq Yaqublu bu hərəkata qoşulandan həmişə millətin, xalqın tələblərini irəli sürüb. Xalqın millətin qayğısını çəkib”.

"Nə qədər bizim ailəyə hücum olunsun, nə qədər şərləmək olar?"
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Maya Yaqublunun sözlərinə görə Saxlanma Məntəqəsində qəbul edilən sovqat da normal qidalanma üçün kifayət etmir.

“Peçenye ilə insan durarmı? Nə qədər peçenye yeməlidir? Nə qədər peçenye götürürlər ki, onu aparıb verim? Bir otaqda 6 nəfər adam olur, 6 nəfər adama o peçenye nə edəcək?”, Maya Yaqublu deyir.

Maya Yaqublunun bildirdiyinə görə, Tofiq Yaqublunun səhhətində ciddi problemlər var:

“Onun tələbləri yerinə yetirilməsə, o aclığı dayandıran deyil, mən də onun yoldaşı olaraq, yoldaşımın haqq sözü ilə razıyam. O nə vaxt aclığı dayandıracaqsa, mən də onda dayandıracam. Öləriksə də birlikdə ölərik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Seymur Əhmədzadə və Elnur Quliyev də Tofiq Yaqubluya dəstək məqsədiylə onun evində aclığa başlayıblar. Yanvarın 9-da daha yeddi fəal Müsavat Partiyasının qərargahında Tofiq Yaqubluya dəstək olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.

Seymur Əhmədzadə, Maya Yaqublu və Elnur Quliyev.
Seymur Əhmədzadə, Maya Yaqublu və Elnur Quliyev.

Seymur Əhmədzadə Tofiq Yaqubluya dəstək olmağı özünə borc hesab etdiyini deyir:

“Tofiq bəy bizim üçün dağın üstündəki yoldur. Azərbaycana, gənclərə, yaşlılar üçün o bir yol, xəritə çəkir. Tofiq bəy əzəmətlidir, bizim üçün əzmdir, dözümdür, nümunədir və birmənalı olaraq o bizim xalqımızın milli qəhrəmanıdır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar “şəxsi mülahizə”dir və saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır.

Tofiq Yaqublu dekabrın 23-də insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs olunan yeganə şəxsdir.

XS
SM
MD
LG