Accessibility links

Məhkəmə Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxacaq


Dekabrın 29-da Bakının Xətai rayon məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılacaq.

Bu barədə onun vəkili Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, vəsatətə hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

"Hazırda Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasına dair bəhanə olmuş hallar indi mövcud deyil. Heç o vaxt da mövcud deyil idi, amma indi ümumiyyətlə şans yoxdur. Demək olar ki, bütün şahidlər istintaq tərəfindən dindirilib, istintaqın dəlil hesab etdiyi bütün sübutlar toplanılıb, Bəxtiyar Hacıyevin ölkədən çıxışına qadağa qoyulub. Onun başqa bir ölkəyə getməsi artıq qeyri-mümkündür. Ən əsas məsələ isə onun səhhətinin gündən günə pisə doğru dəyişməsidir. Hesab edirik ki, məhkəmə bu vəsatətə diqqət göstərib onu azad etməlidir. Bəxtiyar Hacıyev barəsindəki həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunmalıdır"- deyə, vəkil bildirib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs-qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq" , Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.

XS
SM
MD
LG