Accessibility links

Rüfət Səfərov: 2022-ci il "siyasi məhbuslar" ilidir


Rüfət Səfərov: 2022-ci il "siyasi məhbuslar" ilidir
please wait

No media source currently available

0:00 0:08:05 0:00

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda ötən il insan hüquqlarının vəziyyəti, o cümlədən həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin həbsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: 2022-ci il insan hüquqlarının təmin olunması baxımından nə ilə yadda qalacaq? Bu sahədə vəziyyətin dinamikasını necə qiymətləndirərdiniz?

Rüfət Səfərov: Təəssüf hissi ilə qeyd eləməliyəm ki, 2022-ci ildə əsas hüquq və azadlıqlarla bağlı şox ciddi problemlər yaşandı. Faktiki olaraq, rəsmi Bakının hüquq siyasətində konstitusiyada təsbit olunmuş azadlıq və hüquqlara dair sanki yer yoxdur. İlin əvvəli siyasi ağırlıqlı repressiv tədbirlərlə müşahidə olundu. Biz Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin, hüquq müdafiəçisi İlham Aslanoğlunun, jurnalistlər Abid Qafarovun, Əvəz Zeynallının, vəkil Elçin Sadıqovun və nəhayət ilin sonunda Gültəkin Hacıbəylinin, Bəxtiyar Hacıyevin təqiblərini xatırlayırıq. Bu qənaətə gəlmişik ki, 2022-ci ili biz, hüquq müdafiəçiləri "siyasi məhbus ili" adlandırsaq daha doğru çıxar. Çünki sıralamada vicdan məhbusları, siyasi məhbusların hesabına ciddi genişlənmə var. Bu ili biz işgəncə halı ilə pis rəftar, ləyaqəti alçaldan davranış halları ilə də qarşıladıq və yekunlaşdırdıq. İnanclı şəxslərə qarşı hüquq-mühafizə orqanlarının xüsusi qəddarlığı oldu. "Müdafiə Xətti" insan haqları təşkilatı carı ildə bir neçə dəfə bunu ictimaiyyətə çatdırdı.

Amerikanın Səsi: 2022-ci ildə insan haqları ilə bağlı daha çox hansı istiqamətlərdə proplemlər müşahidə olunub?

Rüfət Səfərov: Söz və fikir azadlığı ilə bağlı problemlər göz önündədir. Adamlar, siyasi fəallar, aktivistlər, partiya sədrləri fikrinə, rəyinə, hətta bəzi hallarda ehtimalına görə də cəmiyyətdən təcrid olundular. Sərbəst toplaşmaq azadlığı daha da məhdudlaşmaya məruz qaldı. Faktiki olaraq Azərbaycanda insanlar cəm halında istər sosial, istər siyasi, istər hüquqi və sair problemlər üzərindən özlərini ifadə etməkdə sərbəst deyillər. 2019-cu ilin yanvar ayından bəri Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq azadlığını arxa plana atıb. Vicdan azadlığı sahəsində də pozuntularımız oldu. Bütövlükdə onu göstərə bilərəm ki, ana yasamızda təsbit olunmuş əsas insan hüquq və azadlıqları bərabərlik hüququ, söz və fikir, məlumat azadlığı, vətəndaşların, dövlətin siyasi həyatında iştirak etmək haqqı çox kobud surətdə əngəlləndi. Xüsusilə də iki institutla bağlı olan əngəlləyici normativ hüquqi aktları qeyd edə bilərik. Onsuz da mürəkkəb və ağır olan medianın vəziyyəti yeni "Media haqqında" qanunun hesabına daha da pisləşəcək. Bir sözlə plüralizmə hazırda rəsmi Bakının siyasətində yer yoxdur.

Amerikanın Səsi: İnsan hüquqlarının pozulmasına görə kimlərsə cəzalandırılıbmı?

Rüfət Səfərov: Əksinə, nə qədər paradoksal səslənsə də, Azərbaycanda insan haqlarının pozulması ilə bağlı əlaqədar adı hallanan daha yüksək vəzifəli şəxslər təcrübədə daha da irəli çəkilib. Bu mənada Azərbaycan reallığında insanların hüquqlarının pozulması, onların işgəncəyə məruz qoyulması, barələrində əsassız təqiblərin həyata keçirilməsi ilə bağlı xatırlamıram ki, hüquq-mühafizə orqanın hansısa əməkdaşı məsuliyyət daşıyıcısı olsun. Bunu biz heç gözləmirik də. Zatən adını çəkdiyimiz strukturlar və onların vəzifəli şəxsləri əslində mövcud repressiv, avtoritar idarəetmənin əsas sütünlarıdır. Niyə də ki, onlar cəzalandırılmalıdır deyə düşünürəm.

Amerikanın Səsi: "Müdafiə Xətti" təşkilatı ictimai fəal Bəxtiyar Hacıyevin hüquqlarının ictimai müdafiəsini öz üzərinə götürüb? Fəala qarşı irəli sürülən ittihanlar nə dərəcədə əsaslıdır?

Rüfət Səfərov: Bununla bağlı, Bəxtiyar bəy 9 dekabrda həbs edilərkən mən cəmiyyətdə açıq şəkildə söyləmişdim ki, burada hüquqi prosesdən söhbət gedə bilməz. Bu, olsa-olsa siyasi sürəcdir. Hakimiyyətin yüksək mərtəbəsində qərar tutan şəxslərin siyasi iradəsi əsasında baş tutdu. Mən hesab eləmirəm ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsinin, Daxili İşlər Nazirliyinin hüquqi iradəsi ilə 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Cari ildə Bəxtiyar Hacıyev bir neçə dəfə oğurlandı, döyüldü, işgəncəyə məruz qaldı. Əgər onun barəsində hansısa mərkəzi icra orqanının rəhbəri qərar vermiş olsaydı, elə bu il ərzində daha əvvəlki təcrübələrdə edə bilərdi. Bəxtiyar bu gün sanksiyalarla bağlı ciddi çalışmaların içində olduğuna görə "banditizm"in şöbə rəisi Kərim Əlimərdanovun "Maqnitski aktı" çərçivəsində sanksiyaya məruz qaldığına görə, hesab edirəm ki, həbs edildi. Bu həm də onunla əsaslandırılır ki, Kərim Əlimərdanovun sanksiyaya məruz qalması xəbərindən bir neçə saat sonra rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə cavab verdi. Bu baxımdan rəsmi ittihamda göstərilən məhkəməyə hörmətsizlik, xuliqanlıq başdan ayağa absurddur. Bəxtiyar təqsirsizdi. Həm də hökümətin özü gözəl bilir ki, yerli hüquq müdafiəçiləri, beynəlxalq auditoriya əmindirlər ki, Bəxtiyarın məruz qaldığı indiki təqib sırf politik yükə malikdir.

Amerikanın Səsi: Bəxtiyar Hacıyevin müdafiəsi üçün yerli və beynəlxalq ictimayyət tərəfindən görülən işlər yetərlidirmi? Daha nələr edilməlidir?

Rüfət Səfərov: Bəxtiyar Hacıyevin həbs olunduğu gün xatırlayıram ABŞ, Avropa İttifaqının (ai), Böyük Britaniyanın səfirlikləri səfir səviyyəsində reaksiya bildirdilər. Eyni zamanda Dövlət Departamenti iki dəfə münasibət bildirib, dərhal, operativ qaydada azad edilməyə səslədi. Aİ-nın və digər hüquq-müdafiə təşkilatlarından reaksiyaları var. Amma bu, yetərli deyil. Bütövlükdə düşünürəm ki, Bəxtiyar Hacıyevin azadlığa çıxması üçün digər təsirli tədbirlərə baş vurmaq lazımdır. Azərbaycan hakimiyyəti ilə açıq təzyiq dilində danışmaq lazımdır. Çünki bu çağırışlardan, bu qeydlərdən rəsmi Bakı xüsusilə onun repressiya siyasətindən məsuliyyət daşıyan dairələri nəticə çıxarmır. Bu mənada mən Bəxtiyar Hacıyevin on gündən çox etdiyi aclıq aksiyasına, hazırkı siyasi və hüquqi aqibətinə dair də beynəlxalq reaksiyaları yetərsiz sayıram. Hesab edirəm ki, demokratik quruluş təmin edilməyincə, hakimiyyətlər arasında bir balans olmayınca hakimlər, prokurorlar, istintaqçılar Bəxtiyar Hacıyevin barəsində siyasi hakimiyyətin təlimatı ilə qərar çıxardığı bir şəraitdə hökümətə çox ciddi təsirlər olmalıdır ki, Bəxtiyarın həm konstitision, həm də azadlıq hüququ təmin olunmalıdır.

Qeyd: Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan hökuməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir.Rəsmi qurumlar bu vaxta qədər saxlanan ictimai-siyasi fəallara polisdə işgəncə verilməsi ilə bağlı iddiaları bir qayda olaraq təkzib edir.

XS
SM
MD
LG