Accessibility links

Siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyasına daha iki fəal qoşulub


Həbsxanada aclıq edən müxalif siyasətçi Tofiq Yaqubluya həmrəylik əlaməti olaraq siyasi fəalların başladığı aclıq aksiyası davam etdirilır.

Dekabrın 11-də aclıq edənlərdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Günel Babayeva qripə yoluxduğundan aclığı dayandırıb.

Bununla yanaşı daha iki nəfər Müsavat Partiyasının Şəki təşkilatının sədri Natiq İsrailli və AXCP fəalı Şirvan Soltanov aksiyaya qoşulub.

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Amerikanın Səsinə deyib ki, yanvarın 10-da gecə saatlarında onun da qan təzyiqi çox yüksək olub.

“Bu səbəbdən təcili təxirəsalınmaz tibbi yardım xidməti çağırdım. Həkimlərin səyi ilə qan təzyiqim aşağı salındı. İndi qan təzyiqımlə yanaşı böyrəklərimdə kəskin ağrılar var. Buna baxmayaraq Tofiq bəyə dəstəyimi davam etdirəcəm. Ölürüksə, birlikdə öləcəyik”, o qeyd edib.

Hazırda Yaqubluların evində Maya Yaqublu və AXCP fəalı Gülnarə Rəhimova aclığı davam etdirir.

Müsavat Partiyasının qərargahında isə əksəriyyəti AXCP üzvü olmaqla 12 siyasi fəal aclığı davam etdirir.

AXCP fəalı Babək Həsənov Amerikanın Səsinə deyib ki, aclıq edənlərin bəzilərinin səhhətində dəyişiklik olsa da hamı aclığı davam etdirmək əzmindədir.

“Aclıq edənlər yanvarın 10-da təcili təxirəsalınmaz tibbi yardım xidmətinin həkimləri tərəfindən müayinə olunub. Bəzi fəalların qan təzyiqi yükəkdir”, o qeyd edib.

Bu gün AXCP sədri Əli Kərimli aclıq edən fəallara baş çəkib və onların tələblərini dəstəklədiyini bildirib.
Bu gün AXCP sədri Əli Kərimli aclıq edən fəallara baş çəkib və onların tələblərini dəstəklədiyini bildirib.

Hazırda Müsavat Partiyasının qərargahında AXCP üzvləri Təvəkkül Həsənov, İsmailiddin Qasımov və Zəkrulla Nağıyev, Seymur Əhmədsoy, Elnur Quliyev, Babək Həsənov, Əlizamin Salayev, Ceyhun Novruzov, Əlizamin Kazımov, Sakit Məmmədli, Tofiq Məmmədov, Şirvan Soltanov və Müsavat Partiyasının üzvləri Əziz Məmiyev və Natiq İsrailli aclıq edir.

Aksiya iştirakçıları Tofiq Yaqublunun, ictimai fəal Bəxtiyar Hacıyevin və digər siyasi fəalların azad edilməsini tələb edirlər.

"Hələlik hökumətdən tələblərimizə heç bir cavab gəlməyib. Hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar bizə baş çəkir, dəstəklərini ifadə edirlər", Babək Həsənov bildirib.

Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Elə həmin gün Səbail Rayon Məhkəməsi onu kiçik xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 30 sutka müddətinə həbs cəzasına məhkum edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Etiraz əlaməti olaraq Yaqublu məhkəmə zalında aclıq elan etdiyini bildirib.

Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsinin növbəti dəfə onun həbsindən verdiyi şikayəti təmin etməməsindən sonra Hacıyev aclığı bərpa edib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən çox narahat olduğunu bildirib və hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırıb.

Mövzuya uyğun

XS
SM
MD
LG