Accessibility links

Norveç İnsan Haqları Evi Bəxtiyar Haciyevi və Tofiq Yaqublunu azadlığa çağırır


Human Rights House Foundation
Human Rights House Foundation

”Biz Bəxtiyar Haciyevə qarşı siyasi motivli işdən narahatıq və onun Azərbaycan hakimiyyəti tərəfindən dərhal azadlığa buraxılmasına çağırırıq.”

Bu barədə Norveç İnsan Haqları Evinin Twitter səhifəsində deyilir.

“Bakı Apellyasiya Məhkəməsinin onun evə buraxılması ilə bağlı vəsatətin rədd edilməsi barədə qərarından sonra Haciyev dünən aclıq aksiyasını bərpa edib”, məlumatda bildirilib.

Bundan əlavə təşkilat Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Tofiq Yaqublunu dərhal azad etməyə çağırıb.

“Biz tanınmış fəal Tofiq Yaqublunu dərhal azad etməyə və bütün ittihamları götürməyə çağırırıq”, təşkilat bildirib.

Norveç İnsan Haqları Evi xatırladır ki, Tofiq Yaqublu dekabrın 23-də Bəxtiyar Hacıyevin dinc yolu ilə azadlığa buraxılmasını tələb etdiyinə görə həbs edilib. Vəziyyəti pisləşən fəal yanvarın 5-dən aclıq aksiyası keçirir.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar “şəxsi mülahizə”dir. Onun sözlərinə görə saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır.

“Həmin normativ çərçivəsində saxlanılan şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş formada, sanitar-epidemioloji-gigiyenik qayda və tələblər nəzərə alınmaqla qidalar verilir. Məntəqədəki qidaların keyfiyyəti, ümumiyyətlə, keyfiyyətsiz ərzaq məhsullarının saxlanılan şəxslərə verilməsilə bağlı iddialar tam əsassızdır. İndiyə kimi orada saxlanılan şəxslərin sağlamlığında hər hansı xoşagəlməz hal müşahidə edilməyib” o qeyd edib.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Hacıyev bu ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

XS
SM
MD
LG