Oktyabrın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan və Ermənistan arasındda normallaşma və sülh prosesi, habelə bölgədəki cari vəziyyət barədə müzakirə aparıblar.
“Regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında bərabər və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərin davam etdirilməsinin, bu gün bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, məlumatda qeyd edilir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki nazirlər ikitərəfli münasibətlərə dair aktual məsələləri, regional və beynəlxalq gündəmi müzakirə ediblər.
"3+3" (Azərbaycan, Ermənistan Rusiya+Türkiyə, Gürcüstan, İran) regional məsləhət platformasının fəaliyyətinə dair yanaşmalar tutuşdurulub, gələcək əlaqələr barədə razılığa gəlinib”, məlumatda qeyd olunub.
Rusiya və Azərbaycan xarici işlər nazirlərinin telefon daqnışığı ABŞ Dövlət katibinin köməkçisinin müavini Coşua Hakın Türkiyə, Azərbaycan və Ermənistana səfəri zamanına təsadüf edir. Dövlət katibinin köməkçisinin müavini oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsinin zəruriliyini müzakirə edib.