Accessibility links

Azərbaycan və İran bölgədə mövcud durumu müzakirə edib


Hüseyn Əmir-Abdullahian və Ceyhun Bayramov (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Hüseyn Əmir-Abdullahian və Ceyhun Bayramov (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Oktyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində Ciddə şəhərində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

“Son zamanlar iki ölkə arasında artan ikitərəfli təmasların, ikitərəfli iqtisadi komissiya çərçivəsində keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Bu təmasların iki ölkə arasında gündəlikdə duran bəzi məsələlərin həlli üçün də vacib olduğu bildirilib. Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri, habelə Qarabağ bölgəsində görülən anti-terror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə ətraflı məlumat verib”, Xarici İşlər Nazirliyi qeyd edir.

Sülh gündəliyinin irəlilədilməsi istiqamətində yaranmış imkanlardan bəhs edən nazir Bayramov, “xüsusilə bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı və genişləndirilməsi istiqamətində 6 oktyabr 2023-cü ildə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyətini qeyd edib”.

Nazir Azərbaycanın “sülh və təhlükəsizliyin bərqərar edilməsi, regional əməkdaşlığın təşviqində qərarlı olduğunu” diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Basqın nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Basqından sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqını qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.

Sentyabrın 9-da Bakıda Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb

Bundan sonra Azərbaycan-İran birgə hərbi komissiyasının iclasları olub.

Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Xatırladaq ki, bu yol Ermənistan ərazisindən keçməsi gözlənilən Zəngəzur dəhlizinin alternatividir. 2020-ci il noyabrın 10-da Qarabağda döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanatda Ermənistan ərazisindən keçən Zəngəzur yolunun açılması ilə bağlı bənd olsa da bu yolun açılması barədə Azərbaycanla-Ermənistan arasında hələ razılıq əldə edilməyib.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, perspektivdə İranla münasibətlərin normallaşması çox uzun bir prosesdir.

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra regionda yeni şərait yaradıb. İran əvvəllər erməni faktorundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün həmin təzyiq vasitəsindən məhrum olub. Ona görə Azərbaycanla münasibətlərinin normallaşaması üçün yeni variantlar axtarır”, təhlilçi qeyd edib.

Forum

XS
SM
MD
LG