İrandakı insan haqları mənbələrinin məlumatlarında Əhər və Zəncan şəhərlərində iki məhbusun edam edildiyi bildirilir.
İran İnsan Haqları Təşkilatı (Iran Human Rights) çərşənbə axşamı, iyulun 18-i Əhər həbsxanasında qətldə ittiham olunan bir məhbusun edam edildiyini bildirib. Əhərdə edam edilən şəxsin kimliyi barədə məlumat yoxdur.
Həmçinin, HRA xəbər agentliyi başqa bir xəbərdə Zəncan şəhərində qətl ittihamından edama məhkum olmuş bir başqa məhbusun hökmünün icra edildiyini bildirib.
Hələlik İranın rəsmi xəbər agentlikləri bu iki məhbusun edam edilməsi barədə heç bir xəbər dərc etməyiblər.
İnsan haqları təşkilatlarının dərc etdiyi hesabatlar göstərir ki, ən çox edam İranda etnik azlıqların yaşadığı bölgələrdə həyata keçirilir.
İran İnsan Haqları Təşkilatının (İranhr) hesabatı göstərir ki, ötən il Sistan və Bəluçistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Kürdüstan vilayətlərində ümumilikdə 130 nəfər edam edilib.
Həmçinin, bu təşkilatın hesabatına görə, bu dörd vilayətdə icra edilən edamların əksəriyyəti İran mediası və ya rəsmi orqanlar tərəfindən açıqlanmır.