Hüquq müdafiəçiləri bu yaxınlarda Təbriz, Qum, Şiraz, Kərəc, Kirman və Bəndər-Abbas şəhərləri daxil olmaqla İranın müxtəlif şəhərlərində edam hökmlərinin tətbiq edildiyinə dair məlumat yayıblar.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatının məlumatına görə, daha əvvəl narkotik maddə qaçaqmalçılığı ittihamı ilə edam cəzasına məhkum olunmuş bir şəxs iyul ayının 6-da Qum şəhərinin mərkəzi həbsxanasında asılıb.
Edam edilən şəxsin adının Musa Həkimi və əslən Kərəc şəhərindən olduğu açıqlanıb.
Hüquq müdafiə qurumunun bildirdiyinə görə, son üç ildə İranda narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar icra edilən edam hökmləri kəskin şəkildə artmaqdadır. 2022-ci ilin ilk 6 ayında qaçaqmalçılıq ittihamı ilə edam edilən şəxslərin sayı 91 nəfər ikən, 2023-cü ilin ilk 6 ayında eyni ittihamla asılanların sayı 206 nəfərə çatıb.
IHR həmçinin Təbriz həbsxanasında daha əvvəl tətbiq edilən bir edam hökmünün xəbərini yayıb. Xəbərə görə, qətl ittihamı ilə mühakimə edilmiş Vəhid Seyfi adlı bir məhbus təqribən iki həftə əvvəl Təbrizdə dar ağacından asılıb.
Amerikanın Səsi həmin günlərdə Təbrizdə Siyamək Lütfi adlı başqa bir məhbusun edamı ilə bağlı xəbər yaymışdı. IHR təşkilatı iki edam hökmünün eyni gündə tətbiq edildiyini bildirib.