İranın Zəncan və Əlburz vilayətlərində daha əvvəl edama məhkum olunmuş 3 şəxs qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək dar ağacından xilas olublar.
İran ədliyyə sisteminin Mizan xəbər agentliyinin yaydığı məlumata görə, Zəncan vilayətinin Xürrəmdərə şəhərində 6 ildir həbsdə olan iki məhkum "qan sahibləri,” yəni qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv ediliblər.
Agentlik bu məlumatı Zəncan ədliyyə idarəsinin rəisi Höccətül-İslam İsmail Sadıqinin açıqlamalarına istinadən yayıb.
"Xürrəmdərə şəhərindəki qisas işi ağsaqqallar və ixtilafların həlli üzrə vasitəçi şuranın müdaxiləsi ilə 'qan sahibləri' ilə keçirilən bir çox müzakirə toplantılarından sonra sülh ilə nəticələndi. 6 il öncədən həbsdə olan iki məhkum ölüm cəzasından xilas oldular," ədliyyə rəisi qeyd edib.
Kərəcdəki əfv olayı ilə bağlı məlumatı isə yarı-rəsmi İSNA agentliyi yayıb.
İSNA-nın xəbərinə görə, "Əlburz vilayətinin həbsxanalar baş idarəsinin rəisi Əli Çaharmahali 23 il öncədən həbsdə olan bir edam məhkumunun əfv edildiyini bildirib. Çarmahalinin açıqlamalarına görə, əslən Həmədandan olan edam məhkumunun yaxınları uzun illərdən bəri razılıq almaq üçün onun qətlə yetirdiyi şəxsin ailəsini axtarırmışlar."
Xəbərdə qeyd edilib ki, qətlə yetirilən şəxsin qızı edam məhkumunun yoxsul ailəsindən heç bir təzminat almadan atasının qatilini əfv edib.
İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini "diyə-təzminat" almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər "diyə" məbləğini hazırlayıb ödəyə bilməyən məhkumların ölüm cəzası icra edilir. "Diyə" şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.