Aprelin 28-də Avropada fəaliyyət göstərən iki hüquq müdafiə təşkilatı İranda 2021-ci ildə həyata keçirilən edamlar haqqında birgə hesabat yayıblar. Hesabata görə, bəluclar başda olmaqla qeyri-fars icmalar ölüm cəzası statistikasında həddindən artıq təmsil olunurlar.
Norveçdə qərargahlanan İran İnsan Haqları təşkilatının (IHR) Fransada qərargahlanan Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatının (ECPM) dəstəyi ilə hazırladığı 60 səhifəlik hesabatda keçən ilin iyun ayında İbrahim Rəisi prezident seçiləndən sonra İranda edam hallarının sürətlə artdığı bildirilib.
Hesabata əsasən, 2021-ci ildə İranda azı 333 nəfər edam edilib. Bu rəqəm ölkədə edam hallarının 2018-2020-ci illər ilə müqayisədə 25 faiz artdığını göstərir.
“Bu hesabat və bundan öncəki illik hesabatların göstərdiyi kimi, İranda etnik azlıqlar ölüm cəzası statistikasında həddindən artıq təmsil olunurlar. 2021-ci ildə etnik bəluc icmasına mənsub məhbuslar bütün edamların 21 faizini təşkil edib, baxmayaraq ki bəluclar İran əhalisinin 6 faizdən azını təşkil edir. Həmin il etnik azlıqların yaşadığı Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Sistan-Bəlucistan və Kürdüstan vilayətlərində 62 nəfər edam edilib. Ancaq, etnik azlıqların edam cəzası yalnız öz vilayətlərində həyata keçirilmir. Bu səbəblə, hər etnik azlıq icmasına mənsub edam edilən məhbusların sayını ayrı-ayrı müəyyənləşdirmək çətindir,” sənəddə yazılıb.
Hüquq müdafiə təşkilatlarının yaydığı sənəddə İranın hər vilayətində bir milyon nəfərə düşən edam sayısını göstərən rəqəm dərc edilib. Rəqəmə əsasən, əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutur.
Hesabata görə, 2021-ci ildə İranda azı 17 qadın edam edilib.