Accessibility links

Zəncanda 3 məhbus edam edilib


Zəncan şəhərinin mərkəzi həbsxanasında üç məhbusun dar ağacından asıldığı bildirilir.

İran İnsan Haqları Təşkilatının (İran HR) bazar ertəsi günü yaydığı məlumata əsasən, narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar mühakimə edilən şəxslərin ölüm cəzası keçən çərşənbə günü icra edilib.

Edam edilən 41 yaşlı Hamid Cəfərzadə, 39 yaşlı Süheyl Hüccətfər və Yunus adlı məhkumun (soyadı naməlum) əslən Şərqi Azərbaycan vilayətinin Binab şəhərindən olduqları bildirilib.

“İran HR”-ın bildirdiyinə görə, bu şəxslər təqribən 3 il əvvəl narkotik maddə və silah daşımaq ittihamı ilə tutulmuşdular.

Keçən sentyabr ayında da iki məhbusun edam hökmü Zəncanın mərkəzi həbsxanasında icra edilmişdi.

İnsan haqları qrupunun yaydığı məlumatına əsasən, 2021-ci ilin başlanğıcından bu günə qədər İranda narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş azı 92 nəfər edam edilib. Halbuki, 2020-ci ildə bu ittihamla əlaqədar 25 edam hökmü tətbiq edilmişdi.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlara mənsub müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayır.

XS
SM
MD
LG