Accessibility links

Nikol Paşinyan Avropa Parlamentində çıxış edəcək


Nikol Paşinyan, Ermənistan baş naziri
Nikol Paşinyan, Ermənistan baş naziri

Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 17-si Avropa Parlamentinin plenar iclasında çıxış edəcək.

Avropa Parlamentinin prezidenti Roberta Metsola oktyabrın 5-i baş tutan Qranada sammitində Ermənistan Baş Nazirini avropalı parlametarlar qarşısında çıxış etmək üçün Strasburqa dəvət edib.

Ermənistan Baş Nazirinin mətbuat xidmətinin məlumatına görə, Nikol Paşinyan bugün Strasburqa yola düşüb. Paşinyan parlamentarlar qarşısında çıxışdan əvvəl Roberta Metsola ilə təkbətək görüş keçirəcək. Məlumatda baş nazirin başqa görüşlər də keçirəcəyi qeyd edilir.

Nikol Paşinyanın müraciətinin təfərrütları barədə məlumat olmasa da, çıxış Azərbaycanın Qarabağa tam nəzarəti ilə nəticələnən hərbi əməliyyatlarından təqribən bir ay sonraya təsadüf edir.

Avropa Parlamenti oktyabrın 5-i qəbul etdiyi qətnaməsində Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən və bunun məsuliyyətini daşıyanlara sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı münasibətlərinə yenidən baxmasına çağıran qətnamə qəbul edib.

Roberta Metsola Qranada sammitində Avropa İttifaqının Azərbaycanla enerji sahəsindəki münasibətlərinə toxunaraq, “biz bir etibarsız enerji tərəfdaşını digəri ilə əvəz edə bilmərik” deyib.


Ötən həftə Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Azərbaycanın Qarabağda son hərbi əməliyyatını pisləyən, Qarabağ ermənilərinin geri qayıda bilmələri üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağıran qətnamə qəbul edib.

Rəsmi Bakı AŞPA-nın qətnaməsini “qətiyyətlə rədd etdiyini və şiddətlə qınadığını” bildirib.

“Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz”, Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında qeyd edib.

Azərbaycan və Ermənistan liderləri ən son Qranada sammitində görüşməsi planlaşdırılsa da, Azərbaycan prezidenti İlham Əliyev Fransa və Almaniyanın da iştirak etdiyi görüşə Türkiyənin buraxılmamasını, habelə Fransanın “qərəzli mövqeyini” əsas gətirərək görüşə qatılmaqdan imtina edib. Buna baxmayaraq, rəsmi Bakı Brüssel formatında görüşlərin davam etdirilməsinə hazır olduğunu bildirib.

İki ölkə lideri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək növbəti üçtərəfli görüşün bu ayın sonu baş tutacağı gözlənilir.

Forum

XS
SM
MD
LG