Həbsdə olan Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır.
Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bilirib ki, keçmiş deputatı Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər və bu barədə onun ailəsinə məlumat verilməyib.
"Ötən cümə günü Nazim zəng etməyib deyə, 1 saylı Bakı İstintaq Təcridxanasına zəng vurdum. Mənə hər şeyin qaydasında olduğunu dedilər. Amma bir neçə saat sonra Nazim zəng vuraraq artıq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü dedi", o qeyd edib.
Fəridə Bəydəmirlinin sözlərinə görə, dekabrın 24-də həyat yoldaşı ilə görüşüb.
"Nazim mənə dedi ki, saxlanıldığı şərait bərbaddır. Üstəlik də hazırda 20 məhkumla bir otaqda saxlanılır. Onların hamısı müxtəlif cinayətlərə görə 20-25 il müddətinə həbs olunmuş adamlardır".
Həyat yoldaşı Nazim Bəydəmirlinin səhhətində hələ də ciddi problemlərin olduğunu deyib.
"Keçən ildən bu günə qədər Nazimin səhhətində yaranmış xəstəlikləri müalicə etmək üçün heç bir ciddi addım atılmayıb və ürəyində yaranmış problem qalır. Nazimi bu şəraitdə saxlamaq onu ölümə tərk etməkdir. Mən Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova müraciət edirəm: Nazim bəyi başqa cəzaçəkmə müəssisəsinə köçrülməsinə göstəriş verməyinizi xahiş edirəm", Fəridə Bəydəmirli qeyd edib.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna hələ casvab verməyib. Bununla yanaşı, Amerikanın Səsinin sorğusuna cavabda Penitensiar Xidmət bir qayda olaraq bildirir ki, həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Nazim Bəydəmirli 4 iyul 2023-cü ildə Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə) maddəsilə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
1 sentyabr 2023-cü ildə Bəydəmirliyə qarşı daha bir ittiham irəli sürülüb - Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin pozulması (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə). Vəkilin sözlərinə görə, bu ittiham ona əsaslanır ki, guya 1996-cı ildə Bəydəmirli Rusiyanın Lipetsk şəhərində kimdənsə pul tələb edib.
Bəydəmirli ittihamları rədd edərək onu uydurma adlandırıb.
İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında isə deyilib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.
Bu il sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fərid Namazovun sədrliyi ilə Nazim Bəydəmirlini 8 il həbsə məhkum edib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Forum