Accessibility links

Milli Məclisin həbsdə olan keçmiş deputatında şiddətli nəfəs darlığı yarandığı bildirilir


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan iş adamı, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirlinin səhhətinin pisləşməkdə davam etdiyi bildirilir.

Keçmiş deputatın həyat yoldaşı Fəridə Bəydəmirli martın 11-də onunla telefonla danışdıqdan sonra bildirib ki, bir həftədən çoxdur qan təzyiqi 150-90-dan aşağı düşmür.

“Nazimin ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var. İki həftədən çoxdur açıq havada gəzintiyə icazə verilmir, starşina Əliyev İsmət və rejim rəisi Tural Mustafazadəyə dəfələrlə müraciət etsə də bir xeyri olmayıb. Dedikləri cavab “xidmət rəisi icazə verəndə çıxarsan”dır. Səhhətində olan problemlər yenilik deyil, noyabrın 30-u axrıncı dəfə müstəntiqlə görüşəndə bunları ona deyib. Müstəntiqin özü də onun halının yaxşı olmadığını görüb. Buna baxmayaraq yanvarın 31-də həbs müddətinin daha 2 ay uzadılmasına nail oldu”, o qeyd edib

Fəridə Bəydəmirli yazır ki, fevralın 21-də vəkil Aqil Layıc vasitəsi ilə Nazim Bəydəmirlini müayinə etmək üçün mülki həkim tələb edilisə də, müraciət təmin olunmayıb.

“Facebook-a yazılar getdikdən sonra ədliyyə hospitalından həkim kardioloq göndərilib. Həkim Nazimi EKQ və EXO müayinəsindən keçirib və tövsiyə edib ki, qan analizi versin, nəticəyə uygun təcili müalicəyə başlanmalıdır. Həmin xanım həkimin telefonunu tapıb zəng etdim və xahiş etdim Nazimin müayinə nəticəsini mənə desin, mən öz imkanım daxilində dərmanlar alıb göndərim. Verdiyi cavab belə oldu: "Mən Nazim müəllimi və diaqnozu xatırlamıram, siz yaxşısı budur penitensiar xidmətin həkimlərindən soruşun." Onlardan da soruşdum, doğru düzgün cavab ala bilmədim. Anlaşılan odur ki heç kim doğruları söyləməyəcək. Hər gün Nazimin səhhəti ilə bağlı yazılar yaza bilmirəm, uşaqlar oxuyub narahat olurlar, qorxurlar. Mən hər gün Nazimə nəsə olacaq qorxusu ilə yaşayıram”, o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmət və Ədliyyə Nazirliynin Tibb Baş İdarəsi bu məlumata hələ münasibət bildirməyib.

2023-cü il iyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir. O, yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Bəydəmirlinin azad edilməsinə çağırıb.

2023-cü il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa daha bir neçə şəxs, o cümlədən Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli başqa ittihamlarla həbs edilib.

Forum

XS
SM
MD
LG