Accessibility links

Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan iş adamı, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir.

Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli telefonla danışdıqdan sonra Amerikanın Səsinə deyib ki, onun səhhətində problem həbsindən əvvəl də olub.

“Nazim bronxlarındakı problemlə bağlı hər il müalicə alırdı. Təəssüf ki, bu il həbsdə olduğundan həmin müalicəni ala bilmədi. Həbs olunmamışdan qabaq ürəyində blokada aşkar olunmuşdu. Həkim demişdi ki, hələ ciddi qorxu yoxdur. Amma, dünən EKQ və EXO müayinəsində olub. Həkimin dediyinə görə ürəyində yaranmış impulsiv blokada ikinci mərhələyə keçib. Təcili qan analizi olunub, nəticəyə uyğun müalicəyə başlanmalıdır. Özü də deyir ki, təzyiqi yaranıb və başında küy var. Nazimdə heç vaxt bu əlamətlər olmamışdı”, o qeyd edib.

Fəridə Bəydəmirli: Nazimin səhhətindəki problem ciddidir
please wait

No media source currently available

0:00 0:02:19 0:00
Direct link

Fəridə Bəydəmirli deyib ki, həyat yoldaşı həbs yerində analiz aparılmasına razılıq vermir.

“O güvəndiyi həkim və laborotoriyada analiz verməyi tələb edir,” o deyib.

Fəridə Bəydəmirli yanvarın 21-də bununla bağlı ombudsmana və Penitensiar Xidmətə müraciət edildiyini bildirib.

“Amma hələ müraciətimizə cavab verməyiblər. Nazimin səhhətindəki problem ciddidir. Hər an nə isə ola bilər. Mən çox narahatam. Ürək damarlarının impulsiv blokadası o deməkdir ki, ürək qan damarlarını yaxşı qidalandırmır. Ola bilər xəstəliyin şiddətlənməsinə əsəb sistemi də kömək edir. Bunun üçün həkimlər ciddi müayinə aparıb müalicə yazmalıdır. Bu xəstəliyin müalicəsi üçün təcridxananın sanitar-tibb məntəqəsində o qədər də yetərli xidmət yoxdur”, o qeyd edib.

Fəridə Bəydəmirli hesab edir ki, Nazim Bəydəmirlinin müalicəsi üçün həbs-qətimkan tədbiri ev dustaqlığı növündə imkan tədbiri ilə dəyişdirilməlidir.

“Bu halda onun müalicəsi ixtisalaşmış tibb müəssisələrində həyata keçirilə bilıər. İndi mən ona çalışıram”, o Amerikanın Səsinə bildirib.

Öz növbəsində, Ombudsman Aparatı və Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

2023-cü il iyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir. O, yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Bəydəmirlinin azad edilməsinə çağırıb.

2023-cü il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa daha bir neçə şəxs, o cümlədən Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli başqa ittihamlarla həbs edilib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG