Accessibility links

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkətinin Söyüdlü qızıl yatağında fəaliyyəti bərpa edilib


Söyüdlü qızıl mədəni (Mənbə: ("Anglo Asian Mining" şirkəti)
Söyüdlü qızıl mədəni (Mənbə: ("Anglo Asian Mining" şirkəti)

Azərbaycanda qızıl, gümüş, mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti “Gədəbəy” yatağında fəaliyyətini bərpa etmək üçün hökumətdən razılıq alıb.

Şirkətin məlumatında deyilir ki, “Micon International Ltd” müstəqil konsaltinq şirkəti tərəfindən aparılan ekoloji yoxlama zamanı müəyyən edilmiş tədbirlər əsasında öz fəaliyyətini və prosedurlarını təkmilləşdirmək üçün Azərbaycan hökuməti ilə fəaliyyət planı haqqında protokol imzalanıb.

"Əksər maddələr gələn ilin sonuna kimi həyata keçiriləcək və bu, ciddi xərc tələb etməyəcək", məlumatda qeyd edilir.

“Anglo Asian Mining” bəyan edib ki, mədən işlərinin dərhal başlaması qızıl filizi və mis konsentratı istehsalını əvvəlki səviyyələrə qaytaracaq. Bununla bağlı mədən şirkəti qızıl ekvivalentində illik hasilat proqnozunu 30-34 min unsiya səviyyəsində saxlayıb.

"Digər işlər mərhələlərlə həyata keçiriləcək. Flotasiya qurğusunun yenidən işə salınması mövcud anbar bəndinin divarının qaldırılmasından təxminən 90 gün sonra gözlənilir”, “Anglo Asian Mining” şirkəti bildirir.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa daha bir neçə şəxs, o cümlədən Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli başqa ittihamlarla həbs edilib.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Komissiya ilk anda Söyüdlü qızıl mədənində baş verənlərlə bağlı kənd sakinlərinin etirazını qəbul etməyib. Komissiyanın sədri bildirib ki, ilkin monitorinq zamanı ekoloji normaların pozulmadığı müəyyən edilib.

Prezident İlham Əliyev iyulun 11-də hökumətin iclasında deyib ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

İyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Hökumət beynəlxalq konsaltinq şirkətinin "Anglo Asian Mining"in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqini aparacağını bildirib.

“Anglo Asian Mining" şirkətinin məlumatında deyilir ki, yeni bəndin tikintisi son vaxtlar etirazlara səbəb olub.

“Etirazlar başlanandan bəri müxtəlif hökumət qurumları müstəqil laboratoriyaların köməyi ilə mövcud tullantı bəndinin ətrafındakı ərazidən ətraf mühit nümunələri götürüb, ətraf mühitin çirklənməsi və ya əhali arasında daha yüksək xəstəlik halları müəyyən edilməyib,” şirkət qeyd edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbdə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib. Şirkət öz rəsmi hesabatında bildirlir ki, Söyüdlü qızıl mədənindən 2021-ci ildə 48,680 unsiya (1380,055 kiloqram), 2022-ci ildə 43,114 unsiya (1222,261 kiloqram) qızıl emal edib.

Forum

XS
SM
MD
LG