Accessibility links

Azər Qasımlı: Söyüdlü kəndinin sakinlərinin hərəkətləri tam konstitusiya çərçivəsindədir


Gədəbəy rayonunun Söyüdlü kəndi
Gədəbəy rayonunun Söyüdlü kəndi

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Söyüdlü hadisələrinin yaranma səbəblərindən, o cümlədən kəndə girişin məhdudlaşdırlmasının hüququ əsaslarından danışıb.

Azər Qasımlı: Söyüdlü kəndinin sakinlərinin hərəkətləri tam konstitusiya çərçivəsindədir
please wait

No media source currently available

0:00 0:07:41 0:00

Amerikanın Səsi: Gədəbəy rayounun Söyüdlü kəndinin sakinlərinin etiraz aksiyası zamanı irəli sürdüyü tələblərə cəmiyyətin reaksiyasını necə qiymətləndirərdiniz?

Azər Qasımlı: Əvvəla onu qeyd edim ki, onların irəli sürdüyü tələblər tam qanunidir. Onların hərəkətləri də tam konstitusiya çərçivəsində idi. Onlar qanunazidd heç bir hərəkət etməyiblər. Cəmiyyətin reaksiyasına gəldikdə hesab edirəm ki, cəmiyyət tam doğru mövqe sərgilədi. İlk növbədə polislər tərəfindən qeyri-adekvat gücün tətbiq olunması məsələsinə hamı mənfi reaksiya verdi. Hamı onu qınadı. O cümlədən də təbiətə vurulan zərər və siyasi çevrədə də suallar səsləndi ki, bu zavod kimə aiddir, kimlər oradan pul qazanır. Dövlət büdcəsinə nə qədər vəsait ödənilir vəs bu tipli suallar oldu. Mən hesab edirəm ki, cəmiyyətin reaksiyası tam düzgün idi. Amma təəssüflər olsun ki, ölkədə avtoritar rejim olduğuna görə insanlar bayıra çıxa bilmir və etiraz edə bilmir. Məsələn, demokratik ölkələrdə bu, hökümətin, daha aşağı ranqda olan şəxslərin istefasına gətirib çıxardardı. Parlamentdə müzakirələr aparılardı. İnsanlar mitinqə çıxardı. Bizdə isə bu yoxdur.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı

Amerikanın Səsi: Bəs Söyüdlü kəndinin sakinlərinin tələblərinə hökumətin reaksiyasını necə qiymətləndirərdiniz?

Azər Qasımlı: Çox yanlış reaksiya verdilər. Qeyri-demokratik reaksiya verdilər. Amma bu, gözlənilən idi. Bu, yeni deyil idi. Əvvəllər də belə hadisələr olmuşdu. Məsələn, əvvəl Saatlıda insanlara divan tutdular. Yəni iqtidar hər hərəkəti ilə göstərməyə çalışır ki, mən güclüyəm heç kəs etiraz edə bilməz. Etiraz etməyə qalxanlara da divan tutacam. Bundan sonra heç kəs etiraz etməsin. Əsas mesaj budur.

Amerikanın Səsi: Kəndə girişin məhdudlaşdırlmasının hüququ əsasları varmı?

Azər Qasımlı: Heç bir hüquqi əsası yoxdur. Bilirsiniz, Azərbaycan iqtidarı yeddi ildən bir referendum keçirir. Konstitusiyanı tam özlərinə uyğunlaşdırır. Amma zaman-zaman elə situasiyalar yaranır ki, məsələn, problemləri həll etmək üçün və yaxud istədikləri kimi problemi həll etmək üçün qanunlardan, yaxud konstitusiyadan istifadə edə bilirlər. Problem də ondadır ki, bunların özlərinin qəbul etdiyi qanunları və konstitusiyanı özləri pozurlar. Məsələn, prezident üçün heç bir problem deyil ki, fövqəladə vəziyyət elan etsin. Parlamentdən də bunu keçirtsin. Yəni onun üçün heç bir porblem yoxdur. Çünki bunu etmək üçün, bir kəndi bağlamaq üçün fövqaladə vəziyyət elan olunmalıdır, bunu da prezident elan etməlidir, parlament də bunu qəbul etməlidir. Yəni bu onların əllərindədir. İstəsələr onlar bunu edərdilər. Amma, onlar bunu etmirlər. İndi sual yarana bilər ki, onlar bunu niyə etmirlər. Cavab da ondan ibarətdir ki, onlar bunu etsələr ölkədə sabitliyin olmadığını qəbul etmiş olacaqlar.

Amerikanın Səsi: Hökumətin atdığı addımlar Söyüdlü kənd sakinlərinin qaldırdığı problemlərin həllinə yönəlibmi? Sizcə probelmlərin həlli üçün daha nələr edilməlidir?

Azər Qasımlı: Təbii ki, onların hərəkətləri problemin həllinə yönəlməyib. Problemi həll etmək üçün əslində nə olmalıdır? Məsələn, komissiya yaradıblar. O komissiyanın işi şəffaf olmalıdır. Komissiyanın daxilində məsələn, müxalifətdən olan deputatlar olmalı idi. Nə yaziq ki, Azərbaycanda müxalifət yoxdur. Orada müstəqil medianın, və yaxud müstəqil QHT-lərin nümayəndələri ola bilərdi. Amma təəssüf ki, bir iki sivil toplum nümayəndələrini də bura buraxmırlar. İlk növbədə bu edilməli idi. Bundan sonra təbii ki, parlamentdə bunun müzakirələri olmalı idi. O komissiyanın çıxartdığı bir nəticə olmalıdır. İctimaiyyət onun şəffaflığına inanmalı idi. Həqiqətən də təbiətlə bağlı problem varsa, təbiətə ziyan vurulursa təbii ki, həmin zavod bağlanmalı idi. Onun sahibləri məsuliyyətə cəlb olunmalı idi. Bu tipli addımlar atılmalı idi. Bu tam olaraq siyasi mövzu deyil. Problem ondadır ki, avtoritar rejimlərdə bu məsələlər siyasidir. Məsələn, nə qədər deyirlər siysiləşdirməyin məsələni. Əslində demokratik ölkələrdə bu siyasi deyil. Avtoritar ölkələrdə bunu siyasiləşdirirlər. Bunu iqtidar özü edir. Çünki bilir ki, bu şəkildə davranır. Demokratik institutlardan istifadə edib problemləri həll etmir. Və yenə də həmin sual. Həmin zavod kimə aiddir. Kim oradan pul qazanır. Dövlət büdcəsinə oradan nə qədər pul verilir. Bax əsas məsələ budur. Bu, suallara cavabdır. Mənə elə gəlir ki, bu sualın cavabını ölkədə hamı bilir. Ona görə də iqtidarın reaksiyası necə olur? Problemi həmən qapatmaq, zor gücü ilə də olsa tezbazar bu problemi qapatmaq ki, bunu danışmasınlar. Söyüdlüdə olan proses Gədəbəyin digər bölgələrinə keçməsin. Bununla da proses bitsin.

Xatırlatma

Bu, Azər Qasımlının fikirləridir. Azərbaycan hökuməti ona irəli sürülmüş ittihamları qərəzli hesab edir. Rəsmi Bakı ölkədə insanların fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Söyüdlü kəndində göl
Söyüdlü kəndində göl

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin vatsap şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining"​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

XS
SM
MD
LG