Accessibility links

Hökumət komissiyası Söyüdlü sakinlərini dinləyib, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayıb


Söyüdlü qızıl mədəni (Mənbə: "Anglo Asian Mining" şirkəti)
Söyüdlü qızıl mədəni (Mənbə: "Anglo Asian Mining" şirkəti)

Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın iyulun 18-də Söyüdlü kəndində kənd sakinlərinin iştirakı ilə iclası keçirilib. İclasda komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak edib.

Toplantıda iştirak edən Söyüdlü kənd sakinlərindən biri Amerikanın Səsinə deyib ki, kənd sakinləri qızıl mədəninin işlənməsi zamanı yol verilmiş qanunsuzluqlar, narazı olduqları hökumət qurumları ilə bağlı fikirlərini söyləyib.

Söyüdlü qızıl mədəni (Mənbə: ("Anglo Asian Mining" şirkəti)
Söyüdlü qızıl mədəni (Mənbə: ("Anglo Asian Mining" şirkəti)

“Biz, kənd sakinləri Prezident İlham Əliyevin hökumətin iclasında dediklərini müdafiə etdiyimizi bildirdik. Biz hökumətimizə, dövlətimizə qarşı deyilik və prezidentimizin dediyi kimi ekoloji təhlükəsiz şəraitdə yaşamaq hüququmuzun təmin edilməsini tələb etmişik. Bu halda sakinlərə qarşı zorakılığa ehtiyac olmadığını hökumət qurumlarının diqqətinə çatdırdıq”, o qeyd edib.

Sakinin sözlərinə görə, qızıl mədəninin fəaliyyəti üç aylıq müddətə dayadırılıb.

“Sianid gölünün ətrafında da işlər dayandırılıb. Komissiya üzvləri dedi ki, göl tamamilə qurudulacaq və başqa yerdə qapalı şəraitdə qurulacaq. Bir sözlə komissiya kəndimizin sakinlərinin qaldırdıqları problemlərin hamısının düzgün olduğunu təsdiq etdi”, sakin Amerikanın Səsinə deyib.

Bununla yanaşı, hazırda 6 nəfər kənd sakini həbsdədir.

“Komissiyanın iclasında sakinlərin sərbəst buraxılmasının vacibliyi qeyd edildi”, o deyib.

Bunlara baxmayaraq, hələ də Söyüdlü kəndinin giriş yollarında polis postları qalmaqdadır.

Söyüdlü kəndinin girişrində polsi postu (Arxiv foto. Mənbə:VOA)
Söyüdlü kəndinin girişrində polsi postu (Arxiv foto. Mənbə:VOA)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında isə deyilir ki, iyulun 18-də Gədəbəy rayonunda komissiyanın növbəti iclası keçirilib, istismarçı şirkətin nümayəndələri ilə görüş olub, sağlamlaşdırma proqramında əks olunan təkliflər paketi ətrafında müzakirələr aparılıb. Daha sonra kənd sakinləri ilə görüş təşkil edilib, onlara komissiyanın gördüyü işlər barədə məlumatlar verilib.

Xəbərdə bildirilir ki, komissiya tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət təhlil edilib, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

“Nəticələr göstərib ki, ərazidə fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb. Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verilib. Hazırlanan təkliflər planına beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələləri daxil edilib.

Həmçinin istehsalatda müasir texnologiyaların tətbiqi şərtilə, şirkətin sonrakı fəaliyyətini davam etdirməsi də təkliflər planına əlavə olunub.

Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında qeyd edilir.

Gədəbəy rayonunun Söyüdlü kəndi (Arxiv foro, Məndə: VOA)
Gədəbəy rayonunun Söyüdlü kəndi (Arxiv foro, Məndə: VOA)

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbdə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining"​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib. Şirkət öz rəsmi hesabatında bildirlir ki, Söyüdlü qızıl mədnindən 2021-ci ildə 48,680 unsiya (1380,055 kiloqram), 2022-ci ildə 43,114 unsiya (1222,261 kiloqram) qızıl emal edib.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin WhatsApp şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də, sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Komissiya ilk anda Söyüdlü qızıl mədənində baş verənlərlə bağlı kənd sakinlərinin etirazını qəbul etməyib. Komissiyanın sədri bildirib ki, ilkin monitorinq zamanı ekoloji normaların pozulmadığı müəyyən edilib.

Söyüdlü qızıl mədəni (Mənbə: "Anglo Asian Mining" şirkəti)
Söyüdlü qızıl mədəni (Mənbə: "Anglo Asian Mining" şirkəti)

Prezident İlham Əliyev iyulun 11-də hökumətin iclasında deyib ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”, o qeyd edib.

İyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hökumət beynəlxalq konsaltinq şirkətinin "Anglo Asian Mining"in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqini aparacağını bildirib.

Anglo Asian Mining" şirkətinin məlumatında deyilir ki, yeni bəndin tikintisi son vaxtlar etirazlara səbəb olub.

“Etirazlar başlanandan bəri müxtəlif hökumət qurumları müstəqil laboratoriyaların köməyi ilə mövcud tullantı bəndinin ətrafındakı ərazidən ətraf mühit nümunələri götürüb, ətraf mühitin çirklənməsi və ya əhali arasında daha yüksək xəstəlik halları müəyyən edilməyib,” şirkət qeyd edir.

Söyüdlü qızıl mədəni (Mənbə: "Anglo Asian Mining" şirkəti)
Söyüdlü qızıl mədəni (Mənbə: "Anglo Asian Mining" şirkəti)

“Anglo Asian” bildirir ki, Gədəbəydə 2009-cu ildən fəaliyyət göstərir, uzunmüddətli və güclü icma əlaqələri, xüsusən də tarixən aşağı məşğulluq səviyyəsi ilə yoxsul olan yerli əraziyə əhəmiyyətli sosial və iqtisadi töhfəsi ilə fəxr edir.

“Müvafiq olaraq, ikinci tullantı bəndinin yeri ilə bağlı qəfil iğtişaşlar gözlənilməz oldu. Buna baxmayaraq, şirkət hökumətlə əməkdaşlıq edərək ikinci tullantı bəndinin texniki və ekoloji aspektlərinin, o cümlədən təklif olunan yerin və digər əlaqəli məsələlərin (Ətraf Mühitin Tədqiqi) yenidən qiymətləndirilməsinə razılıq verib. Ətraf Mühitin Tədqiqatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan müstəqil beynəlxalq məsləhətçi tərəfindən aparılacaq. Şirkətin yerli ətraf mühit mühəndisləri CQA International (dünyada tullantıların idarə edilməsi və dağ-mədənlə bağlı layihələrdə ixtisaslaşmış müstəqil geotexniki və ekoloji məsləhətçi-red) və onun tullantıların idarə olunması üzrə müstəqil məsləhətçiləri Knight Piesold prosesdə köməklik göstərəcəklər. Şirkət hazırda hökumətlə Ətraf Mühitin Tədqiqatının necə aparılacağına dair protokolu razılaşdırır və onu yaxın günlərdə yekunlaşdıracağını gözləyir. Ətraf Mühitin Tədqiqi yekunlaşarkən və hər hansı müəyyən edilmiş bərpa işləri tamamlanarkən, şirkət Gədəbəy əməliyyatının mövcud tullantı bəndinə axıdılması ilə nəticələnən hissələrini ixtisar etməyi gözləyir (əsasən, flotasiya və qarışdırma ilə yuyulma qurğularının istismarı). Protokolun təfərrüatları yekunlaşdırıldıqdan sonra dərc olunacaq və şirkət istehsal təlimatına müvafiq olaraq yenidən baxacaq”, məlumatda qeyd edilir.

Bununla yanaşı iyulun 6-da İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının müraciətində Söyüdlü kəndi ərazisində qurulan gölməçəyə tökülən qızıl haslatında sianid turşusundan istfadə prosesi əks olunub.

"Nəzərə alınsa ki, sianid buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksək olduğundan turşunun buxarı ilə nəfəs aldıqda və ya o, dərinin zədələnmiş hissəsinə düşdükdə qısa zaman çərçivəsində insanı öldürə bilir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və zəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa, insan həyatı üçün öldürücü təsirə malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, onun mövcud olduğu hava ilə nəfəs alan şəxs zəhərlənir və sonradan təcili tədbir görülməsə həyatını itirə bilər. Komissiyanın ilkin rəyində istifadə olunan sianidin (NaCN) hidrogen peroksid (H2O2) vasitəsilə zərərsizləşdirilməsi qeyd olunur ki, bu, dünyada tətbiq olunan metoddur. Lakin bu proses qapalı çənlərdə və 3 ay müddətində həyata keçirildiyindən ilkin rəylə bağlı müəyyən suallar doğurur. Çünki süni göldə olan və həcmi bilinməyən sianid qarışıq maye məhlulun peroksidlə zərərsizləşdirilməsi praktiki mümkün deyil", müraciətdə qeyd edilir.

Söyüdlü qızıl mədəni (Mənbə: "Anglo Asian Mining" şirkəti)
Söyüdlü qızıl mədəni (Mənbə: "Anglo Asian Mining" şirkəti)

Söyüdlü qızıl mədəni barədə qısa məlumat

Tarixi məlumatlarda Gədəbəydə mədən işlərinin 2000 il bundan əvvəl başlandığı bildirilir. Daha yeni fəaliyyət təxminən 1849-cu ildə Mexor Qardaşları, ardınca Almaniyanın Siemens şirkəti Gədəbəydə mis mədənində fəaliyyət göstərib. 1849-1917-ci illər arasında ən azı 100.000 tondan çox mis hasil edilib. Mədənçilik fəaliyyəti 1917-ci ildə Rusiyada inqilabın başlanması ilə dayandırılıb. 2008-ci ildə Anglo Asian şirkəti qızılın, misin və gümüşün çıxarılması üçün açıq mədənin və emalı qurğusunun tikintisinə başlayıb. Şirkət ilk qızılı 2009-cu ilin may ayında emal edib.

Mövzuya uyğun

XS
SM
MD
LG