Accessibility links

Söyüdlü qızılı, kənd sakinlərinin problemləri, həbslər və hökumət komissiyası


Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl
Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də və 21-də kənd sakinlərinin aksiyası zamanı irəli sürülən ekoloji tələblərin hökumət komissiyası tərəfindən araşdırılması davam etdirilir.

Söyüdlü kəndindəki mənbələrdən Amerikanın Səsinə bəlli olub ki, komissiya hazırda kənddə işləyir, sakinlərlə görüşlər keçirir, monitorinqlər aparır.

“Bu gün kənd bələdiyyəsinin binasının qarşısında çoxsaylı avtomobillər dayanıb. Orada çoxlu insanlar da toplaşıb”, kənd sakinlərindən biri Amerikanın Səsinə deyib.

Bununla yanaşı sakinlər insanların saxlanılmasından narahatdır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin vatsap şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

“Sakinlərimizi həbs edirlər. Biz sağlamlığızın qorunmasını tələb edirik, tutulanlara narkotik itttihamı verirlər. Belə məlum olur ki, bizi sianid turşusu yox, narkotik zəhərləyirmiş. Bizim tələbimiz hara, narkotik ittihamı hara”, sakin ironiya ilə deyib.

Diəgr sakin Amerikanın Səsinə deyib ki, hökumət komssiyası sianid turşusunun qalıqlarının töküldüyü gölün sahilində çadır qurub bir neçə həftə yaşamalıdır ki, onların problemlərini görə bilsin.

Söyüdlü kənd sakini Gülnarə Mustafayevanın sözlərinə görə, yazın əvvəlindən indiyə qədər 20-yə yaxın kəndli ağciyər xərçəngindən vəfat edib: “Araşdırın, bir dənə quş onun (sianid turşusunun qalıqları tökülən süni göl-red.) üstündə hərlənən kimi o dəqiqə gölə düşür. Ölənlərin hamısı da ağciyər xəstəliyindən ölür, şəxsən mənim atam ağciyərindən vəfat edib”, Mustafayeva bir neçə gün öncə Söyüdlü kəndində olan Amerikanın Səsinin müxbirinə bildirib.

Mustafayevanın dediklərini rəsmi mənbələr təsdiq etməyib.

İyunun 24-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət tibbi briqadası tərəfindən Söyüdlü həkim tibb məntəqəsində yerli sakinlərin tibbi müayinələri aparılır.

“Müayinədən keçmək üçün müraciət edən 30 nəfərədək vətəndaşın hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib və onlarda xüsusi patologiyalar aşkar edilməyib”, xəstəxananın məlumatında deyilir.

Amerikanın Səsi Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən saxlanılanlarla bağlı xəbərlərin doğru olub-olmaması ilə bağlı hələ məlumat ala biməyib.

Amerikanın Səsi həmçinin Gədəbəy rayon İcra Hakimiyyətinin Söyüdlü inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nahid Allahverdiyevdən də kənd sakinlərinin tələbləri və saxlanılanlarla bağlı məlumat ala bilməyib. Allahverdiyev əvvəl telefona cavab versə də sualı eşidən kimi telefonunu söndürüb.

İyunun 25-də Azərbaycan Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclası keçirilib.

Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri ilə bağlı bildirib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

Anglo Asian Mining”şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

Anglo Asian Mining“”​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

Mövzuya uyğun

XS
SM
MD
LG