İyunun 25-də ictimai fəal Qiyas İbrahimov haqqında iyunun 22-də və 24-də çıxarılmış həbs qərarlardan verilən apellyasiya şikayətlərinə baxılıb. Qiyas İbrahimova Nizami Rayon Məhkəməsinin qərarı ilə iyunun 22-də İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra iyunun 24-də İXM-in 388-1.1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə daha 30 sutka inzibati həbs cəzası kəsilib. Beləliklə, ümumi cəza 32 sutkaya qalxıb.
3 gündür quru aclıq aksiyası keçirən Qiyas İbrahimov məhkəməyə gətirilərkən huşunu itirib. Fəalın anası Şura Əmiraslanovanın da məhkəmədə halı pisləşib. Məhkəməyə təcili tibbi yardım gəlib.
Vəkil Elçin Sadıqov deyir ki, fəalın huşu özünə gələndən sonra məhkəmə prosesi davam edib və apellyasiya şikayəti təmin olunmayıb:
"Məhkəməyə çatana yaxın Qiyas İbrahimov artıq huşunu itirmişdi, koma vəziyyətə düşmüşdü. Polislər üzərinə su tökməklə yardım etməyə çalışmışdılar, sonradan təcili tibbi yardım gəldi. Onlar Qiyasın huşunu özünə gətirdilər. Fəal məhkəmədə yarımcan vəziyyətdə iştirak elədi, suallara cavab verməyə çətinlik çəkirdi".
Vəkil bildirib ki, məhkəmədən sonra fəalı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə aparacaqlar, əgər həkim rəy versə, onu xəstəxanaya yerləşdirəcəklər.
İbrahimov Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclığa başladığını bəyan edib.
İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub.