Accessibility links

Polisi tənqid etdikdən sonra 30 sutka həbs cəzası alan Qiyas İbrahimovun aclıq aksiyasına başladığı bildirilir


Qiyas İbrahimov
Qiyas İbrahimov

İyunun 22-də 30 sutka inzibati həbs cəzası alan Qiyas İbrahimov aclıq aksiyasına başlayıb. İbrahimovun anası Şura Əmiraslanova iyunun 23-də oğlu ilə danışdıqdan sonra bu məlumatı verib.

“Qiyasın bundan əvvəl həbsdə səhhətində yaranan problem hələ də qalmaqdadır, nə canı var ki, aclıq aksiyası keçirsin.” - Əmiraslanova deyib.

İbrahimov Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclığa başladığını bəyan edib.

Vəkil Elçin Sadıqov bu gün İbrahimovla görüşəcəyini bildirib.

İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternetdə qadağan edilən informasiyanın yerləşdirilməsi) və 535-ci (polis işçisinə tabe olmama) maddələri ilə ittiham olunub. O, həbsindən bir neçə saat öncə Facebook hesabında Gədəbəyin Söyüdlü kəndində polisin əhaliylə qarşı davranışı haqda rəy paylaşmışdı.

Elmir Abbasov
Elmir Abbasov

İyunun 21-də axşam saatlarında NİDA Vətəndaş Hərəkatının fəalı Elmir Abbasov da saxlanılıb. O, iyunun 22-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alıb. Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Abbasovun ictimai asayişin pozulması ilə əlaqədar saxlanıldığını vurğulasa da, hərəkatın üzvləri onun Facebook sosial şəbəkəsində Gədəbəyin Söyüdlü kəndindəki etiraza göstərdiyi reaksiyaya görə polisi tənqid etdiyi üçün saxlanıldığını deyirlər.

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub.

XS
SM
MD
LG